"Z" nəsli dünyanı çevirir - İnqilabların budəfəki sosial bazası

"Z" nəsli dünyanı çevirir - İnqilabların budəfəki sosial bazası
26.10.2026 17:22 Sosial

Son illərdə dünyanın müxtəlif ölkələrində baş verən etiraz aksiyalarında "Z" nəslinin fəallığı getdikcə daha çox diqqət çəkir. Nepal, Banqladeş, Keniya və digər ölkələrdə gənclərin etiraz hərəkatlarında ön sıralarda yer alması bu nəslin ictimai və siyasi proseslərdə artan rolunu nümayiş etdirir. Rəqəmsal dövrdə formalaşan "Z" nəsli yalnız baş verən hadisələri izləməklə kifayətlənmir, eyni zamanda öz mövqeyini ifadə etməyə və cəmiyyətdə dəyişikliklərin bir hissəsi olmağa çalışır.

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova TodayPress TV- yə "Z" nəslinin əvvəlki nəsillərdən fərqləndirən xüsusiyyətləri və etiraz hərəkatlarında artan fəallığın səbəblərini açıqlayıb.


Psixoloq qeyd edir ki, "Z" nəslini əvvəlki nəsillərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların rəqəmsal mühitdə formalaşması, özünü ifadəyə, fərdi azadlığa və sosial ədalətə daha çox önəm verməsidir:

“Bu nəsil informasiya ilə daha sürətli təmasda olur, dünyada baş verən hadisələri yaxından izləyir və öz mövqeyini açıq şəkildə ifadə etməyə çalışır. Psixoloji baxımdan "Z" nəslinin etiraz aksiyalarında fəallığını bir neçə səbəblə izah etmək olar. İlk növbədə, iqtisadi çətinliklər, işsizlik, gələcəklə bağlı qeyri-müəyyənlik və sosial bərabərsizlik gənclərdə narazılıq yaradan əsas amillərdəndir. Gənclər öz gələcəkləri ilə bağlı qərarlara təsir edə bilmədiklərini düşündükdə, dəyişiklik tələblərini daha açıq şəkildə ifadə edə bilərlər.

Digər mühüm amil sosial şəbəkələrin təsiridir. Sosial media gənclərə yalnız məlumat əldə etmək deyil, həm də eyni düşüncələri və problemləri bölüşən insanlarla birləşmək imkanı verir. Beləliklə, fərdi narazılıq kollektiv mövqeyə çevrilə bilir. İnsanlar digər gənclərin də oxşar problemlər yaşadığını gördükdə, özlərini tək hiss etmir və ortaq məqsəd ətrafında birləşirlər.

Burada ədalət hissi, aidiyyət ehtiyacı, özünü təsdiq etmək və cəmiyyətdə dəyişiklik yaratmaq istəyi də mühüm rol oynayır. Xüsusilə gənclik dövründə insan öz kimliyini, dəyərlərini və cəmiyyətdəki mövqeyini formalaşdırır. Buna görə də gənclər onların dəyərlərinə zidd hesab etdikləri hadisələrə qarşı daha emosional və fəal reaksiya verə bilərlər.

Nəticə etibarilə, "Z" nəslinin etirazlardakı fəallığını yalnız yaş xüsusiyyətləri ilə izah etmək düzgün olmaz. Bu prosesdə sosial, iqtisadi, siyasi və psixoloji amillər birlikdə rol oynayır. Gənclərin etirazlarını sadəcə üsyankarlıq kimi qiymətləndirməkdənsə, onların hansı problemləri və ehtiyacları ifadə etdiyini anlamaq vacibdir. Çünki bir çox hallarda bu etirazların arxasında eşidilmək, ədalət görmək və öz gələcəyinə təsir etmək istəyi dayanır”.

Məmmədova Zəhra

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər