İnternetin olmadığı ilk 24 saat: Dünya buna hazırdır? - AÇIQLAMA
Oktyabr ayında baş verən son hadisələr qlobal internet infrastrukturunun nə qədər həssas ola biləcəyini yenidən gündəmə gətirdi. Dünyada internetin anidən kəsilməsi sadəcə alətlərimizin işləməməsi demək deyil, müasir sivilizasiyanın bir neçə dəqiqə ərzində tam iflic olması deməkdir.
Bəs dünyada internet həqiqətən yoxa çıxsa, nə olar?
Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə TodayPress TV-yə açıqlamasında bildirib ki, internet artıq sadəcə informasiya mübadiləsi vasitəsi deyil, müasir dünyanın iqtisadiyyatını, rabitəsini, bank sistemlərini, dövlət xidmətlərini və gündəlik həyatını birləşdirən əsas infrastrukturlardan biridir:

"Əgər dünya üzrə internet tamamilə fəaliyyətini dayandırarsa, bunun nəticələri ilk növbədə rabitə, maliyyə, nəqliyyat, ticarət və dövlət idarəçiliyi sahələrində hiss olunar. Bank əməliyyatları, onlayn ödənişlər, elektron ticarət, bulud xidmətləri və bir çox rəqəmsal platformanın fəaliyyəti ciddi şəkildə məhdudlaşar. İnternetdən asılı olan müəssisələrdə iş prosesləri dayana, beynəlxalq şirkətlərin informasiya mübadiləsində və təchizat zəncirlərində problemlər yarana bilər.
Burada vacib məqam ondan ibarətdir ki, internetin dayanması bütün elektrik sistemlərinin, telefon xətlərinin və ya rabitə vasitələrinin avtomatik olaraq sıradan çıxması demək deyil. Mobil şəbəkələrin bir hissəsi, ənənəvi telefon rabitəsi, radio və peyk rabitəsinin müəyyən xidmətləri işləməyə davam edə bilər. Lakin həmin sistemlərin özləri də internetdən və digər rəqəmsal infrastrukturlardan asılı olduğu üçün onların fəaliyyətində də qismən pozulmalar yaşana bilər".
O qeyd edib ki, belə bir ssenaridə kibertəhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir:
"İnternetin dayanması yalnız kiberhücum nəticəsində baş verməyə bilər. Sualtı fiber-optik kabellərin fiziki zədələnməsi, enerji təchizatı problemləri, marşrutlaşdırma sistemlərində genişmiqyaslı nasazlıqlar, DNS infrastrukturunda problemlər və ya bir neçə kritik xidmətin eyni vaxtda sıradan çıxması ayrı-ayrı regionlarda ciddi internet kəsintilərinə səbəb ola bilər. Bununla belə, bütün dünya internetinin eyni anda tamamilə dayanması daha mürəkkəb və ekstremal ssenaridir.
İnternetin qlobal miqyasda uzun müddət əlçatmaz olması informasiya boşluğu və dezinformasiya risklərini də artıra bilər. İnsanlar operativ məlumat almaqda çətinlik çəkər, müəssisələr və dövlət qurumları alternativ kommunikasiya kanallarına keçməyə məcbur qalarlar. Belə bir vəziyyətdə ehtiyat rabitə sistemlərinin, alternativ məlumat mərkəzlərinin və əvvəlcədən hazırlanmış fövqəladə fəaliyyət planlarının əhəmiyyəti daha aydın görünür".
Müsahibimiz vurğulayıb ki, Azərbaycan üçün də bu məsələ yetərincə aktualdır:
"Rəqəmsal bankçılıq, elektron dövlət xidmətləri, onlayn ticarət, telekommunikasiya və biznes proseslərinin internetdən asılılığı nəzərə alınarsa, genişmiqyaslı internet kəsintisi həm vətəndaşlara, həm də iqtisadi fəaliyyətə təsir göstərə bilər. Elə buna görə də kritik sistemlərin ehtiyat nüsxələrinin yaradılması, alternativ rabitə kanallarının saxlanılması, enerji təminatının davamlılığı və insidentlərə operativ reaksiya mexanizmləri gücləndirilməlidir".
Onun sözlərinə görə, internetin tamamilə yoxa çıxması ehtimalı ilə müəyyən regionlarda və ya ayrı-ayrı xidmətlərdə internetin dayanmasını fərqləndirmək lazımdır:
"İnternet paylanmış və çoxqatlı infrastrukturdur. Ona görə də bir nöqtədə baş verən nasazlıq adətən bütün dünyanın internetini eyni anda sıradan çıxarmır. Lakin son hadisələr göstərir ki, rəqəmsal sistemlərin dayanıqlılığı yalnız texnologiyanın inkişafı ilə deyil, həm də ehtiyat planlaşdırma, kibertəhlükəsizlik tədbirləri və alternativ həllərin mövcudluğu ilə təmin edilir. Əsas məsələ internetin heç vaxt dayanmayacağına güvənmək deyil, onun müəyyən müddət ərzində əlçatmaz olduğu şəraitdə belə cəmiyyətin iqtisadiyyatının və kritik xidmətlərin fəaliyyətini davam etdirə bilməsini təmin etməkdir".
Jalə Rövşən