Azərbaycanlı rəssamın əsərləri İstanbulu heyran etdi - FOTO
Sənət insanları birləşdirən, duyğuları ifadə edən və mədəniyyətlər arasında körpü yaradan mühüm vasitədir. Elə bu xüsusda Türkiyənin İstanbul şəhərindəki Rami Kitabxanasında rəssam, Türk Dünyası İş Qadınları Platformasının İdarə Heyətinin üzvü, Aybəniz Zeynalova əsərlərini sənətsevərlərə təqdim edib.
Layihə Türk Kızılay İstanbul İl Başkanlığı və TÜDİP birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Tədbirdə sənətsevərlər və rəsmi şəxslər iştirak ediblər.
Təqdimat mərasiminin açılış mərasiminə çıxış edən Rami kitabxanasının müdürü Ali Çelik, Türk Dünyası İş Qadınları Platformasının rəhbəri Gülnur Kamaşak, Türk Kızılay İstanbul İl Başkanı Burcu Kösem və İstanbul Vali köməkçisi Hasan Gözen sərginin əhəmiyyətindən, mədəni əlaqələrin inkişafında oynadığı rol bəhs edib, Aybəniz Zeynalovaya uğurlar arzulayıblar.

Çıxışlardan sonra tədbirin təşkilində əməyi olan şəxslərə plaketlər təqdim olunub. Bunun ardınca sərgi açıq elan olunub, lentlər kəsilib.
Rəsm əsərlərinin müəllifi Aybəniz Zeynalova TodayPress TV-yə bildirib ki, sərgidə 32 rəsm nümayiş olunur:
"Bu, mənim artıq ikinci sərgimdir. İlk sərgim ötən il Bakıda, Muğam Mərkəzində keçirilmişdi. Mən əlimdən gələni etdim ki, bu sərgini ərsəyə gətirim. Əslində, hər bir rəsm əsərinin öz hekayəsi, yaşanmışlığı və keçdiyi bir yol var. İnsan bir əsəri yaradarkən müxtəlif hisslər yaşayır. Bu hisslər sevinc də ola bilər, kədər də. Yəni hər bir əsərin arxasında insanın müxtəlif duyğuları və yaşantıları dayanır".
Ekspozisiyanın xüsusi qonaqlarında olan Xəzər Universitetinin Siyasi Elmlər departamentinin professoru Ramiz Yunus da sərgi ilə yaxından tanış olub, rəssamın əsərləri ilə bağlı təəssüratlarını bölüşüb:
"Aybəniz Zeynalovanın ilk sərgisi doğma vətənimiz Azərbaycanda, Bakıda, Muğam Mərkəzində keçirilib. Mənə də həmin sərgidə iştirak etmək qismət olub. Sərgi “Ovdan” adlanırdı. Bildiyiniz kimi, Ovdan Bilgəh qəsəbəsinin qədim adlarından biridir və Aybəniz xanım da əslən Bilgəhdəndir. O, həmin sərgini əziz atasının, mənim də yaxın dostum olmuş mərhum Fərrux Zeynalovun əziz xatirəsinə həsr etmişdi.
Mən də öz müsahibəmdə arzu etmişdim ki, inşallah, gələn il Aybəniz xanımın sərgisi ölkəmizin hüdudlarından kənarda keçirilsin. Şükürlər olsun ki, bu gün həmin arzunun gerçəkləşdiyinin şahidiyik. Bu dəfə sərgi bizə əziz, doğma və qardaş ölkə olan Türkiyədə, qədim və gözəl İstanbul şəhərində keçirilir. Bu, həqiqətən də çox sevindirici hadisədir. Həm mədəniyyətimiz, həm türk dünyası, həm də Azərbaycan-Türkiyə münasibətləri baxımından böyük əhəmiyyət daşıyır.
İndi isə arzu edərdim ki, inşallah, gələn il Aybəniz xanımın səsi, bu sərginin sorağı və onun uğurları digər türk dövlətlərində də eşidilsin.
Fürsətdən istifadə edərək Aybəniz xanımı bir daha ürəkdən təbrik edir, hamımızı bu gözəl hadisə münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində böyük uğurlar arzulayıram".
Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də sərgidə iştirak edib. O, TodayPress TV-yə incəsənətin xalqlar arasında mənəvi bağların qurulmasında və milli mədəniyyətin tanıdılmasında mühüm rol oynadığını vurğulayıb, Aybəniz Zeynalovanın yaradıcılığının bu baxımdan əhəmiyyətini qeyd edib:
"İstanbulun ən böyük kitabxanalarından biri olan Rami Kitabxanasında Azərbaycan rəssamı Aybəniz Zeynalovanın sərgisinin keçirilməsini Azərbaycan mədəniyyəti və rəssamlığı üçün mühüm hadisə hesab edirəm.
Sərginin İstanbulda təşkil olunması Azərbaycan və Türkiyə arasında, iki qardaş xalqın münasibətlərində mövcud olan sıx əlaqələrin, xüsusilə də mədəniyyət sahəsindəki əməkdaşlığın bariz göstəricisidir.
Bu sərgidə Aybəniz Zeynalovanın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər nümayiş olunur".

Xatırladaq ki, rəssam Aybəniz Zeynalovanın bu mövzuda ilk sərgisi 2025-ci ilin may ayında Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Ovdan” adlı rəsm ekspozisiyası olub. İstanbulda keçirilən budəfəki tədbir isə onun ikinci sərgisidir.
Türkan İsgəndərli