Rayonlar özünü dolandırsın nə deməkdir? - İqtisadçı hökümətə suallar ünvanladı
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonuna yerli xərclərin qarşılanması üçün dövlət büdcəsindən dotasiya ayrılması nəzərdə tutulmur. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, həmin ərazi vahidlərinin yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.
Bəs belə olan halda xərclər necə qarşılanacaq və ya rayonlar özünü necə dolandıracaq?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə açılamasında bildirib ki, bu sualların cavabını hökumət - Maliyyə Nazirliyi, Nazirlər Kabineti verməlidir:

"Rayonun özünün pul qazanması ehtimalı yoxdur axı. Bizdə mərkəzləşdirilmiş vergi sistemi var, mərkəzləşdirilmiş cərimə sistemi var, mərkəzləşdirilmiş lisenziyalaşma sistemi var, mərkəzləşdirilmiş rüsum sistemi var. Yəni bütün bunlar mərkəzi büdcənin səlahiyyətindədir. Yerli büdcələrdən yalnız bələdiyyələrin müəyyən vergiləri toplamaq səlahiyyəti var. Bu söhbət də bələdiyyələrdən yox, icra qurumlarından gedir. Bələdiyyələrə onsuz da hər il dotasiyalar ayrılır, bu il də ayrılacaq.
Ona görə də əlaqədar qurumlar bunu izah etməlidirlər: yerli hakimiyyət orqanları, yerli icra qurumları haradan pul qazanır, necə qazanır və həmin pul nəyə xərclənir?
Bu, birinci məsələdir. İkincisi, söhbət 67 şəhər və rayondan gedir. Həmin ərazilərdə büdcə təşkilatlarında çalışan insanlar var. Müəllimlər var, hakimlər var, hüquq-mühafizə orqanlarının əməkdaşları var. Bunların hamısının maaşını mərkəzi büdcə verir. O zaman rayonun öz-özünü dolandırması nə deməkdir?
Və yaxud istənilən rayonun ərazisində infrastruktur layihələri həyata keçirilir, böyük yollar, körpülər, binalar tikilir. Bunların hamısını mərkəzi büdcə maliyyələşdirir. O zaman rayonun özünü dolandırması, özünü maliyyələşdirməsi nə deməkdir?
Bu sualların cavabını əlaqədar dövlət qurumları verməlidirlər. Onlar çıxıb izah etməlidirlər ki, bu 67 rayon öz-özünü necə dolandıra bilər?”
Qeyd edək ki, 2025-ci ildə 5 rayon üçün ümumilikdə 5,287 milyon manat dotasiya nəzərdə tutulmuşdu. 2026-cı ildə isə dotasiya yalnız Xocavənd rayonu üçün saxlanılmış və bu məqsədlə təxminən 847 min manat ayrılması planlaşdırılmışdı. 2027-ci ilin dövlət büdcəsi layihəsində isə heç bir şəhər və rayon üçün əvvəlcədən dotasiya nəzərdə tutulmayıb.
Jalə Rövşən