Ehtiyatdan çağırılan hərbçilərin toplanışları başa çatdı
Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər. Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.
Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.