Olimpiya hədəfi ilə tatamiyə: cüdoçularımız "Böyük Dəbilqə"yə hazırlaşır!
Azərbaycan oktyabrın 29-dan 31-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində 11 cüdoçu ilə təmsil olunacaq.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan yarışda Azərbaycan tatamiyə 7 kişi və 4 qadın idmançı ilə çıxacaq.
Kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov komandaya rəhbərlik edəcəklər.
Azərbaycanı qadınların yarışında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) təmsil edəcəklər.
Kişilərin mübarizəsində isə Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov və Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə 60 ölkədən 400-dən çox cüdoçunun iştirakı gözlənilir.
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də hakimlər heyətində yer alacaq.

Namiq HUN