ÜST "Ebola" ilə bağlı fövqəladə vəziyyət elan etdi

Dünya

19.05.2026 19:30

Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Qebreyesus "Ebola" virusunun yayılma sürəti və miqyasının ciddi narahatlıq doğurduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı Konqo Demokratik Respublikası və Uqandada yayılan "Ebola" səbəbindən ilk dəfə beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyətinin elan olunduğunu açıqlayıb.

ÜST-ün məlumatına görə, indiyədək 500-dən çox şübhəli yoluxma və 130-dan artıq ölüm halı qeydə alınıb. Şimali Konqoda 30, Uqandada isə iki təsdiqlənmiş yoluxma aşkarlanıb.

Yoluxanlar arasında ABŞ vətəndaşının da olduğu, onun müalicə üçün Almaniyaya aparıldığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, "Ebola" virusunun ilk simptomları yoluxmadan 21 gün sonra ortaya çıxa bilər.

ÜST həmçinin bildirib ki, virusun beynəlxalq yayılması artıq təsdiqlənib. Uqandanın paytaxtı Kampala şəhərində Konqodan gələn şəxslərdə iki yoluxma halı aşkarlanıb, onlardan biri ölümlə nəticələnib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ÜST,ABŞ,Ebola,Virus,Todaypress.tv,