Serj Sarkisyanla bağlı "Qara Qala" işi: Məhkəmə vəsatəti rədd etdi
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarkisyanın iştirakı olmadan Gümrüdəki “Qara Qala”nın (Sev Berd) müsadirəsi ilə bağlı məhkəmə iclaslarının keçirilməsi barədə vəsatəti rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Hakim bildirib ki, Sarkisyanın ilkin məhkəmə dinləmələrində iştirakı məcburidir. Məsələyə əsas məhkəmə prosesi zamanı yenidən baxılacağı qeyd olunub.
Ermənistan İstintaq Komitəsi iyulun 20-də “Qara Qala”nın satışı ilə bağlı altı il davam edən istintaqı başa çatdırıb. İş üzrə Serj Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Sarkisyanın vəkili Amram Makinyan isə ittihamların ləğv edilməsini tələb edir. O, müvəkkilinin daha əvvəl rədd edilmiş eyni iş üzrə yenidən ittiham olunduğunu iddia edib.
Vəkilin sözlərinə görə, qanun eyni cinayətə görə təkrar ittiham irəli sürülməsini yalnız yeni və ya yeni aşkar edilmiş hallar, yaxud məhkəmə prosesinin nəticəsinə təsir edə biləcək ciddi pozuntular olduqda mümkün sayır. Onun bildirdiyinə görə, hazırkı işdə belə yeni hallar yoxdur.
İttihamların ləğvi ilə bağlı vəsatət üzrə məhkəmə hələ qərar verməyib. Məhkəmənin mövqeyinin oktyabrın 2-də keçiriləcək növbəti iclasda açıqlanacağı gözlənilir.
“Qara Qala” 1995-ci ildə hökumətin qərarı ilə Ermənistan Müdafiə Nazirliyinin tabeliyinə verilib. Qala 2005-ci ildə qanunda nəzərdə tutulan prosedur olmadan özəl şəxsə satılıb.
626,45 kvadratmetr sahəsi olan və 0,7 hektar ərazidə yerləşən “Qara Qala” ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi hesab olunur.
Türkan İsgəndərli