Rəqəmsal dünyaya yaş sərhədi - Aİ uşaqlar üçün yeni qaydalar hazırlayır
Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv bütün ölkələrdə internet platformalarından istifadəyə yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” layihə sənədinə istinadən məlumat yayıb.
Bildirilib ki, Komissiya sentyabrın 17-də uşaqların onlayn mühitdə qorunmasına dair yeni qanun layihəsini təqdim edəcək. Layihəyə əsasən, 15 yaşa qədər uşaqların sosial şəbəkələrə çıxışı valideyn nəzarəti altında olacaq.
Qaydalara görə, 13 yaşdan kiçik uşaqlar üçün hesabları valideynlər yaradacaq və onların səhifələrinə tam nəzarət edəcəklər. 13-15 yaş arası yeniyetmələr üçün isə məhdudlaşdırılmış hesablar nəzərdə tutulur. Bu hesablarla tanımadıqları şəxslərlə sərbəst ünsiyyət qurmaq mümkün olmayacaq.
15 yaşdan sonra isə yeniyetmələr öz hesablarını müstəqil şəkildə yarada biləcəklər.
Məlumata görə, yeni qaydalar çərçivəsində yaşın yoxlanılması texnologiyasının tətbiqi də nəzərdə tutulur.
Təklif sosial şəbəkələr, video platformaları, onlayn oyunlar, çat-botlar və süni intellekt köməkçilərinə şamil ediləcək. Təhsil məqsədli onlayn alətlər isə yeni məhdudiyyətlərdən kənarda qalacaq.
Aysel Mətləb