Pezeşkian: “Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək”

Dünya

28.02.2026 22:15

ABŞ və İsrailin İran İslam Respublikasına qarşı birgə hücumu və bu çərçivədə Minab rayonunda yerləşən “Şəcərəyi-Təyyibə” ibtidai məktəbinin hədəfə alınması ilə bağlı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mesaj yayımlayıb.

Bu barədə TodayPress TV-yə İranın Azərbaycandakı səfirliyindən bildirilib. 

Mesajda deyilir:

“Bismi Rəbbi şühəda və siddiqin.

Minab rayonunun “Şəcərəyi-Təyyibə” ibtidai məktəbində baş vermiş bu sarsıdıcı faciə və ABŞ və İsrailin qeyri-mülki obyektlərə qarşı həyata keçirdiyi hücum nəticəsində onlarla məsum şagirdin şəhid olması İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq etmişdir.

Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsinə əlavə olunan daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcəkdir.

Mən bu qəddar cinayəti qətiyyətlə pisləməklə yanaşı, baş vermiş ağır faciəyə görə övladlarını itirmiş ailələrə, Minabın şərəfli xalqına, eləcə də bütün İran millətinə dərin hüznlə başsağlığı verir, özümü onların ağır və dözülməz kədərində səmimi şəkildə şərik hesab edirəm.

Eyni zamanda regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlardan xahiş edirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər.

Uca Allahdan bu acı və faciəvi hadisənin şəhidlərinə ali məqamlar, yaralılara tezliklə şəfa, onların möhtərəm ailələrinə isə səbir və dözüm diləyirəm”.

TodayPress TV

tag: ABŞ, İran,İsrail,Pezeşkian,Minab, todaypress.tv,