Paşinyandan II Qareginə ağır İTTİHAM - “Kilsə qəsb edilib!”
Ermənistanın Baş naziri Nikol Paşinyan aparatı tərəfindən Erməni Apostol Kilsəsindəki vəziyyətlə bağlı hazırlanmış hesabatla tanış olduğunu bildirib və Ermənistan Katolikosu II Qaregini qəsbkarlıqda ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Facebook”da yayımladığı videoda bildirib.
"(Erməni Kilsəsinin böhranı haqqında - red.) Hesabat hökumətin müvafiq bəndlərin yer aldığı proqramına uyğun olaraq və mənim tapşırığımla hazırlanıb. Lakin buna baxmayaraq, hesabatla tanış olduqdan sonra özüm üçün müəyyən etdim ki, Erməni Apostol Kilsəsində yaranmış faktiki vəziyyət ilkin olaraq təsəvvür etdiyimdən daha ağır və böhranlıdır. Hesabatı bir cümlə ilə xülasə etsək, o sübut edir ki, Kilsə Ktriç Nersisyan (II Qareginin dünyəvi adı - red.) və onu dəstəkləyən din, eləcə də dünyavi xadimlər qrupu tərəfindən qəsb edilib", - deyə o videoda bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti 74 səhifədən ibarət “Erməni Kilsəsinin böhranı haqqında” hesabatı dərc edib. Sənəddə, hakimiyyət orqanlarının fikrincə, Ermənistan Katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması və Erməni Apostol Kilsəsinin islahat edilməsi zərurəti əsaslandırılır.
Aysel Mətləb