İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif

İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif
04.08.2026 18:00 Dünya

Livan İsraillə aparılan danışıqlar çərçivəsində İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi üçün yeni "pilot zonalar"ın yaradılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Hədəs" telekanalı Livanın rəsmi mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Romada ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar zamanı Livan nümayəndə heyəti İsrail qüvvələrinin çıxarılacağı geniş "pilot zonalar"ın yaradılmasını təklif edib. Mənbə bildirib ki, təşəbbüsün həyata keçirilməsi üçün icra mexanizmi hazırlanmalı və texniki detallar dəqiqləşdirilməlidir.

Livan tərəfi ilkin mərhələdə ölkənin cənubunda yerləşən Bint Cbeyl və Əl-Xiyam şəhərlərini belə zonalar kimi təklif edib. Bununla yanaşı, təklif qəbul edilməyəcəyi təqdirdə alternativ variantların da mövcud olduğu qeyd olunub.

Mənbənin sözlərinə görə, Livan nümayəndə heyətinin danışıqlardakı əsas tələbi İsrailin atəşkəs razılaşmasını pozmasına son qoyulması olub. Həmçinin atəşkəs tələbinin İsrailin siyasi rəhbərliyinə çatdırılması israrla tələb edilib. Bildirilir ki, ABŞ tərəfi Livanın mövqeyini anlayışla qarşılayıb.

Xatırladaq ki, iyunun 26-da ABŞ-nin himayəsi altında Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra Livan və İsrail çərçivə sazişi imzalayıb. Saziş Livan Silahlı Qüvvələrinin ölkə ərazisi üzərində mərhələli şəkildə tam suveren nəzarəti bərpa etməsini və İsrail qoşunlarının çıxarılacağı "pilot zonalar"ın yaradılmasını nəzərdə tutur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər