Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun!
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı ölkə ərazilərinin “qanunsuz işğalına” son qoymağa və Abxaziya ilə Cənubi Osetiyada nəzarəti genişləndirməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan XİN-in 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Nazirlik qeyd edib ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanın Abxaziya və Tsxinvali regionlarına nəzarəti ələ keçirib və daha sonra bu əraziləri “müstəqil dövlətlər” kimi tanıyıb.
Gürcüstan XİN-in məlumatına görə, Rusiya 12 avqust 2008-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının tələblərini tam yerinə yetirmir.
Nazirlik Rusiyanın işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu artırdığını və onların faktiki ilhaqına yönələn addımlar atdığını iddia edib.
Bəyanatda həmçinin həmin ərazilərdə insan hüquqlarının pozulması, gürcülərə qarşı ayrı-seçkilik və yerli əhalinin təcrid olunması barədə danışılıb.
Gürcüstan XİN Rusiyanı hərbi qüvvələrini ölkə ərazisindən çıxarmağa, 2008-ci il atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə və məcburi köçkünlərlə qaçqınların öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmağa çağırıb.
Nazirlik bildirib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllinə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa davam edəcək.
Türkan İsgəndərli