Ermənistan Paşinyana sui-qəsd xəbərləri ilə çalxalanır

Dünya

19.05.2026 11:06

Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyana qarşı ölümlə hədələrin yer aldığı videodan sonra cinayət işi başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Yayılan videoda maskalı bir şəxsin danışdığı, arxasında isə avtomat silahlı dörd nəfərin dayandığı görünür. Videoda Paşinyana qarşı sui-qəsd xarakterli təhdidlər səsləndirilib.

Ermənistan İstintaq Komitəsi bildirib ki, şəxslər canlı yayım zamanı videonu yaymaq üçün kompüter şəbəkəsinə qanunsuz daxil olublar. Faktla bağlı qətl törətmək məqsədilə sui-qəsd planı, kompüter sisteminə müdaxilə və silah-sursatın qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

Hazırda videoda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Paşinyan isə hadisəyə seçkiqabağı çıxışı zamanı münasibət bildirib. O, videoda görünən şəxsləri qorxaqlıqda ittiham edərək deyib ki, “maskalarını çıxarsınlar və könüllü təslim olsunlar”.

Baş nazir həmin şəxslərin müharibə dövründə mövqeləri tərk etdiyini iddia edib və onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Paşinyan,Sui-qəsd,Video,Todaypress.tv,