“Claude”dan qanunsuz istifadə edənlər şirkətə milyardlar qazandırıb

“Claude”dan qanunsuz istifadə edənlər şirkətə milyardlar qazandırıb
10.11.2026 10:10 Dünya

ABŞ-ın “Anthropic” şirkəti 2026-cı ilin ilk doqquz ayında “Claude” süni intellekt çatbotundan istifadə qaydalarını pozan şəxslərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Vedomosti” nəşri şirkətin birjaya çıxmaq üçün hazırladığı sənədlərə istinadən məlumat yayıb.

Nəşrin hesablamalarına görə, qaydaları pozan istifadəçilər yanvar-sentyabr aylarında “Anthropic” şirkətinə 1,66–2,33 milyard dollar gəlir gətiriblər. Bu məbləğ şirkətin həmin dövrdəki ümumi gəlirinin 5–7 faizini təşkil edib.

Qayda pozuntuları arasında “Claude” çatbotuna giriş imkanının icazəsiz şəkildə üçüncü şəxslərə satılması, eləcə də xidmətin rəsmi olaraq əlçatan olmadığı ölkələrdə, o cümlədən Rusiyada istifadəsi yer alır.

Şirkətdən bildirilib ki, qaydaları pozan istifadəçilərin müəyyən edilməsi və hesablarının bloklanması müəyyən vaxt tələb edir. Bu müddət ərzində “Anthropic” həmin hesablardan ödəniş almağa davam edir.

Məlumata görə, şirkət avqust və sentyabr aylarında istifadəçilərin yoxlanılması tədbirlərini gücləndirib. Oktyabr ayında isə Rusiyadan olan istifadəçilərin hesabları kütləvi şəkildə bloklanıb.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər