Berlində ilk dəfə "Troya izi" aşkar olundu: 2300 illik tarix
Dünya
21.04.2026 18:45
Berlin yaxınlığında 2300 il əvvəl Troyada zərb edilmiş sikkə tapılıb.
TodayPress TV "Arkeonews"a istinadən xəbər verir ki, Almaniyada, Berlin yaxınlığında gəzintidə olan 13 yaşlı məktəbli iki min il əvvəl qədim Troyada zərb edilmiş bürünc sikkə tapıb.
Aşkarlanan bu artefakt Almaniya paytaxtında indiyədək tapılmış ilk yunan sikkəsidir. Tapıntı Spandau rayonunda qeydə alınıb. Diametri 12 millimetr, çəkisi isə təxminən 7 qram olan sikkənin üzərində Korinf dəbilqəsi taxmış Afina ilahəsinin profili, eləcə də kalatos baş geyimində nizə və iy tutan başqa bir ilahənin təsviri əks olunub. Alimlər müəyyən ediblər ki, sikkə Troya kimi tanıdığımız İlion zərbxanasında zərb edilib. İlkin hesablamalara görə, onun yaşı təxminən 2300 ildir və e.ə. 281–261-ci illər arasına aiddir.
Məktəbli təkcə bir sikkə tapmayıb; onun kəşfi arxeoloqları Tunc və Erkən Dəmir dövrünə aid qədim bir dəfn yerinə yönləndirib. Qəbirdə saxsı qab qalıqları, kremasiya olunmuş insan qalıqları və tunc düymə də aşkar edilib. Ərintinin yüksək dəyərə malik olmamasını nəzərə alan mütəxəssislər hesab edirlər ki, sikkə qəsdən simvolik hədiyyə kimi məzara yerləşdirilib. Ehtimal olunur ki, o, Şimali Avropaya kəhrəba ticarət yolu vasitəsilə gətirilib; qədim yunanlar bu marşrutla mallarını kəhrəba ilə dəyişirdilər.
Hazırda bu unikal artefakt Berlin şəhərində yerləşən PETRI muzeyində nümayiş olunur.
Jalə Rövşən
tag: Sikkə,Troya ,Berlin ,Yunan ,Todaypress.tv,
