Məkkə ittifaqının üzvləri İranla eyni masada - Pezeşkian nə təklif edir?
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə keçirilən görüşdə İslam ölkələri arasında belə müzakirələrin təşkilindən məmnunluğunu ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
O, İslam dünyasının fundamental ortaq dəyərlərinə toxunaraq bildirib:
“İnancımız və etiqadımız budur ki, İslam ölkələri qardaşlıq və birlik prinsipini münasibətlərinin əsasına çevirməlidirlər. Müsəlmanlar bir-birinin qardaşlarıdır və müsəlman xalqlarını hədəf alan təhdidlərə, addımlara qarşı vahid qüvvə kimi dayanmalıdırlar. Bu fundamental prinsipi qarşılıqlı münasibətlərimizin əsası kimi qəbul etsək, İslam ölkələri arasında fikir ayrılıqlarının və problemlərin yaranması üçün heç bir zəmin qalmayacaq”.
Pezeşkian vurğulayıb ki, İran İslam Respublikası beynəlxalq hüququn prinsip və qaydaları çərçivəsində xalqının qanuni hüquqlarını, maraqlarını qətiyyətlə müdafiə edəcək.
Lider, regional sabitliyin gücləndirilməsində İslam ölkələrinin səmərəli rol oynayacağına ümidvar olduğunu bildirərək deyib:
“Ümid edirəm ki, mühüm və nüfuzlu İslam ölkələrinin nümayəndələrinin bu görüşdə iştirakı regional birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə zəmin yaradacaq. İsrail rejiminin istədiyi vaxt istənilən şəxsə və ya ölkəyə qarşı sui-qəsd və təcavüz həyata keçirməsinə imkan verməməliyik. Əminəm ki, İslam ölkələri bir araya gələrək razılaşdırılmış mövqe sərgiləsələr, belə addımların təkrarlanması mümkün olmayacaq”.
Pezeşkian əlavə edib ki, İslam ölkələri fikir ayrılıqlarını idarə etsələr və mübahisəli məsələlərə diqqət yetirmək əvəzinə ortaq cəhətlərini, ümumi maraqlarını ön plana çıxarsalar, regionun problemlərini daha asan və səmərəli şəkildə həll edə bilərlər.
“Məqsədimiz bütün region xalqlarının sülh, təhlükəsizlik, rifah və bərabər imkanlarla zəngin mühitdə inkişaf və tərəqqi yolunu keçməsidir. Regionumuz zəngin təbii ehtiyatlara, geniş iqtisadi imkanlara və bacarıqlı insan resurslarına malikdir. Bu imkanları birləşdirməyimiz kifayətdir ki, regionu humanizm, ədalət, hüquqa hörmət və insaf prinsiplərinin həyata keçirilməsi baxımından dünya üçün uğurlu modelə çevirə bilək”.
İran lideri çıxışının sonunda təhdidlərə qarşı mübarizə aparmaq və ortaq məqsədlərə nail olmaq üçün İslam ölkələrinin həmrəyliyinin və birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Aysel Mətləb