Trampın Putinlə sövdələşməsi “başına bəla oldu”

Trampın Putinlə sövdələşməsi “başına bəla oldu”
26.10.2026 20:25 Dünya

ABŞ Demokrat Partiyasının nümayəndələri Prezident Donald Tramp administrasiyasının Rusiya ilə dizel yanacağına dair razılaşmasını araşdırmağa hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, demokratlar ABŞ-nin ən böyük banklarından və liman administrasiyalarından Rusiya dizelinin mümkün idxalı və bununla əlaqəli digər əməliyyatlara dair bütün sənədləri və yazışmaları qoruyub saxlamağı tələb ediblər.

Bildirilir ki, Demokrat Partiyası Konqresin ən azı bir palatasına nəzarəti ələ keçirəcəyi təqdirdə, Tramp administrasiyasının Moskva ilə razılaşmasının araşdırılması əsas prioritetlərdən birinə çevriləcək.

Qanunvericilər hesab edirlər ki, sözügedən razılaşma 2022-ci ildə qəbul edilmiş və Rusiyadan neft məhsullarının idxalını qadağan edən qanunu poza bilər. Onların fikrincə, bu cür əməliyyatlar faktiki olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə də xidmət edə bilər.

ABŞ Maliyyə Nazirliyi isə razılaşmanın qanuni olduğunu bildirir.

Məlumata əsasən, müvafiq məktub “JPMorgan”, “Bank of America”, “Citi”, “Wells Fargo”, “Goldman Sachs” və “Morgan Stanley” banklarına, həmçinin Hyuston, Bomont, Korpus-Kristi və Nyu-York–Nyu-Cersi limanlarının administrasiyalarına göndərilib.

Məktubu imzalayan konqresmenlər çərşənbə gününədək sənədlərin qorunub saxlanıldığını təsdiqləməyi, eləcə də mümkün və artıq həyata keçirilmiş əməliyyatlar barədə məlumat təqdim etməyi tələb ediblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər