Bağdadda ABŞ səfirliyi qarşısında etirazlar keçirilir

Dünya

01.03.2026 12:11

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində şiə silahlı qruplarının tərəfdarları ABŞ səfirliyi binasına doğru yürüş edərək əraziyə daxil olmağa cəhd göstəriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, səfirliyə aparan körpüdən keçməyə çalışan etirazçılara qaz mərmiləri atılıb.

Nəşrin yazdığına görə, ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən hücumlara etiraz olaraq paytaxtda aksiyalar başlayıb. Etirazların artmasından sonra fevralın 28-i axşam saatlarında körpüdə beton maneələr quraşdırılıb.

Həmin gün səhər saatlarında İsrailin müdafiə naziri İsrail Katz ölkə ordusunun İrana qarşı qabaqlayıcı hücuma başladığını açıqlayıb. Məlumata görə, əməliyyat İran rəhbərliyinə qarşı yönəlib.

ABŞ-nin də əməliyyatda iştirak etdiyi bildirilir. ABŞ prezidenti Donald Tramp xalqa müraciətində hücumları Tehranın nüvə proqramından imtina etməməsi səbəbindən “səbrin tükənməsi” ilə əlaqələndirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İraq,ABŞ,İsrail,Etiraz,Todaypress.tv,