Avropa ayağa qalxır: Milyonları narazı salan SƏBƏB

Avropa ayağa qalxır: Milyonları narazı salan SƏBƏB
30.10.2026 23:08 Dünya

Avropanın bir sıra ölkələrində yaşayış xərclərinin artması, əməkhaqlarının aşağı olması və hökumətlərin siyasətindən narazılıq fonunda genişmiqyaslı etiraz aksiyalarına hazırlıq görülür.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 30-31-də Fransa, Almaniya və İtaliyada minlərlə insanın küçələrə çıxacağı gözlənilir. Etirazların əsas səbəbləri bahalaşma, sosial bərabərsizlik və hakimiyyətin iqtisadi siyasətindən narazılıqdır.

Son həftələrdə Belçika, Portuqaliya, Serbiya və Albaniyada da etiraz aksiyaları keçirilib. Nümayişlərin təşkilində gənclər xüsusilə fəallıq göstərirlər.

Fransada hakimiyyət mümkün iğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşını səfərbər etməyə hazırlaşır. Ölkənin daxili işlər naziri Loran Nunez kütləvi qarşıdurma riskinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bəzi radikal qruplar zorakılığa çağırışlar yayırlar.

Etirazlara “Sarı jiletlilər” hərəkatının üzvlərinin də qoşulacağı gözlənilir. Məktəblilər və tələbələr isə təhsil şəraitinin yaxşılaşdırılmasını və sistemdə dəyişikliklər aparılmasını tələb edirlər.

Almaniyada “Gen Z Regelt” gənclər hərəkatı 32 şəhərdə nümayişlər təşkil etməyi planlaşdırır. İştirakçılar qiymət artımına və sosial bərabərsizliyə qarşı çıxırlar.

İtaliyada isə həmkarlar ittifaqları yaşayış xərclərinin yüksəlməsi, maaşların artmaması və müdafiə xərclərinin çoxaldılmasına etiraz olaraq ümumi tətil elan ediblər. Nəticədə ictimai nəqliyyatın, məktəblərin və xəstəxanaların fəaliyyətində fasilələr yarana bilər.

İtaliyanın nəqliyyat naziri Matteo Salvini nəqliyyat işçilərindən tətilin vaxtını dəyişməyi tələb etsə də, həmkarlar ittifaqları bu tələbi rədd ediblər.

İspaniyada da oktyabrın 28-də 69 nəfərin ölümü ilə nəticələndiyi bildirilən dəmir yolu qəzasından sonra Madriddə mümkün etiraz aksiyalarına hazırlıq görülür.

“Bloomberg”in qiymətləndirməsinə görə, etiraz dalğası Avropada iqtisadi vəziyyət, infrastruktur problemləri və hökumətlərin fəaliyyətindən narazılığın getdikcə artdığını göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər