Tramp QƏRAR VERDİ: Minlərlə hərbçi Haitiyə girir

Tramp QƏRAR VERDİ: Minlərlə hərbçi Haitiyə girir
30.10.2026 20:44 Dünya

ABŞ Prezidenti Donald Tramp Salvadorun Haitidə hərbi iştirakını əhəmiyyətli dərəcədə artırmaq qərarını dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, Salvador Prezidenti Nayib Bukele cinayətkar qruplaşmalara qarşı mübarizə aparmaq və itkin düşmüş dörd salvadorlu hərbçini tapmaq məqsədilə Haitiyə əlavə qüvvələr göndərmək qərarına gəlib.

Bukele çərşənbə axşamı Trampa zəng edərək Vaşinqtonun hərbi əməliyyatın genişləndirilməsinə etiraz edib-etmədiyini öyrənib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Tramp ona “Lazım bildiyinizi edin” cavabını verib.

Salvador Haitiyə 2 minədək hərbçi göndərəcəyini açıqlayıb. “Axios”un məlumatına əsasən, sonradan hərbi kontingentin sayı iki, hətta üç dəfə artırıla bilər. Qərar Haiti hakimiyyəti ilə razılaşdırılıb.

Hərbi əməliyyatın genişləndirilməsinə oktyabrın 18-də baş vermiş hücum səbəb olub. Həmin hadisədən sonra Salvadorun dörd aviasiya mütəxəssisi itkin düşüb.

Bukele silahlı qruplaşmalardan hərbçiləri sağ qaytarmağı tələb edib və əks halda genişmiqyaslı cavab tədbirləri görüləcəyi ilə hədələyib.

“Biz Salvadorda cinayətkar dəstələrin öhdəsindən gəldik, sizin də öhdənizdən gələ bilərik”, – deyə prezident bildirib.

Nəşr yazır ki, Bukele daha əvvəl də ABŞ-nin dəstəyi ilə Haitidə təhlükəsizliyin bərpası üçün Salvador qüvvələrindən istifadə etməyi təklif edib. Lakin ABŞ dövlət katibi Marko Rubio bu təşəbbüsü dəstəkləməyib.

Salvador Vaşinqtondan pilotsuz uçuş aparatları və nəqliyyat təyyarələri də daxil olmaqla hərbi texnika istəsə də, rəsmi imtina cavabı alıb.

Qeyd edək ki, Haitidə davam edən zorakılıqlar səbəbindən prezident seçkiləri gələn ilə təxirə salınıb. “Axios”un məlumatına görə, ilin əvvəlindən bəri ölkədə silahlı qruplaşmaların zorakılığı nəticəsində 5700-dən çox insan həyatını itirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər