Lavrovla eyni kadra düşmək istəmirlər - G20-də FOTO QALMAQALI

Lavrovla eyni kadra düşmək istəmirlər - G20-də FOTO QALMAQALI
30.10.2026 20:10 Dünya

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya ilə bağlı siyasəti G20 sammitində ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna və Yaxın Şərqdəki müharibələrlə bağlı fikir ayrılıqları, eləcə də Tramp administrasiyasının Rusiyaya münasibətdə atdığı addımlar oktyabrın 30-31-də Atlantada keçiriləcək G20 sammitinin yekununda birgə bəyanatların qəbulunu çətinləşdirə bilər.

Əlavə gərginliyə ABŞ-nin Cənubi Afrika Respublikasının xarici işlər nazirini sammitə dəvət etməməsi səbəb olub. Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirakı gözlənilir.

Hətta bəzi avropalı rəsmilər iki ayrı xatirə fotosunun çəkilməsini təklif ediblər. Bunlardan birində Lavrovun iştirakı, digərində isə onun olmaması nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin keçmiş baş iqtisadçısı Haydi Krebo-Rediker bildirib ki, G20 ölkələri arasındakı fikir ayrılıqları indiyədək görünməmiş səviyyəyə çatıb.

Onun sözlərinə görə, Trampın Moskva ilə razılaşmaları və Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etməsi sammitdə müzakirələri daha da çətinləşdirə bilər.

“ABŞ, xüsusilə də Tramp Putinlə birlikdə və Ukraynaya qarşı çox sərt mövqe tutub. Bu məsələ gündəmə gətirilməsə belə, müzakirələrin əsas problemlərindən biri olaraq qalacaq”, – deyə o vurğulayıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə Ukraynaya dəstəyin artırılmasına çalışacağını bildirib.

O, həmçinin Rusiyanın Xüsusi Tribunal və İddialar Komissiyası vasitəsilə məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib.

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər