Prezident qanunu bu səbəbdən imzalamadan geri qaytarıb – AÇIQLANDI
Rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı qanun layihəsinin təkmilləşdirilmiş variantı dəstəklənir.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O, Prezidentin etirazı ilə parlamentə geri qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2026-cı il 14 iyul tarixli qanunla bağlı müzakirələr zamanı çıxış edib.
Ş.Mövsümov bildirib ki, Milli Məclis tərəfindən qəbul edilən və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlər üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan qanun Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq yenidən baxılması üçün parlamentə qaytarılıb.
Onun sözlərinə görə, bu müddət ərzində sənəd aidiyyəti dövlət qurumları ilə birlikdə yenidən müzakirə olunub və təkmilləşdirilib.
Prezidentin köməkçisi qeyd edib ki, qanun layihəsinin yenidən baxılması dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradıb.
“Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, – deyə Ş.Mövsümov bildirib.
O əlavə edib ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə olunub və bununla bağlı müvafiq rəy hazırlanıb.
“Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir. Hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”, – deyə Ş.Mövsümov vurğulayıb.
Qiymət Mahir