Gənclər üçün artıq əsas sual uşaqların neçə nəfər olacağı deyil - Razi Nurullayev
Gənc ailələrin sosial rifahının yaxşılaşdırılması və uşaqların gələcəyinin təmin olunması üçün dövlət dəstəyi mexanizmləri genişləndirilməlidir.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, gənclər üçün artıq əsas sual uşaqların neçə nəfər olacağı deyil, onların harada yaşayacağıdır.
Onun sözlərinə görə, xüsusilə ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlərin tətbiqi bu siyasətin mühüm istiqamətlərindən ola bilər.
R.Nurullayev uşaq baxımının da diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb:
“Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi ola bilər”.
Deputat uşaqların gələcəyinin təmin olunmasının da ayrıca nəzərə alınmalı olduğunu bildirib.
“Təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi ailəyə yalnız bugünkü xərcləri qarşılamaqda deyil, uşağın gələcəyini qurmaqda da kömək etməlidir”, – deyə R.Nurullayev əlavə edib.
Qiymət Mahir