İllərlə namizədlər siyahısında minlərlə insan gözləyir – Zahid Oruc
Azərbaycanda dövlət qulluğuna qəbul və vakant vəzifələrin tutulması ilə bağlı mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Z.Oruc qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,13 min nəfər olub. Onların 15 il və daha çox dövlət qulluğu stajı olan hissəsi 27,4 faiz təşkil edib.
Deputat dövlət qulluğuna qəbul mexanizminə də toxunub. O bildirib ki, 2025-ci ildə 4 065 vakansiya üzrə 15 743 qeydiyyat aparılıb, 7 250 nəfər faktiki iştirak edib, 2 920 uğurlu nəticə qeydə alınıb və 2 654 təyinat həyata keçirilib.
Onun sözlərinə görə, nəticədə vakant yerlərin 46,8 faizi tutulub.
“İllərlə namizədlər siyahısında minlərlə insanımız gözləyir, təkcə bir ildə 2 800-dən çox vakant yer qalıb”, – deyə deputat vurğulayıb.
Z.Oruc bildirib ki, imtahan, müsabiqə və ya müsahibənin məqsədi mümkün qədər çox insanı kənarda saxlamaq olmamalıdır.
Deputat təkrar qiymətləndirmənin əvvəlki nəticələri, əmək təcrübəsini, əlavə təhsili və peşəkar inkişafı nəzərə alan daha çevik mexanizmə çevrilməsini təklif edib.
O qeyd edib ki, yeni layihəyə əsasən, təyin edilməmiş uğurlu namizəd bir il deyil, iki il ehtiyat kadr kimi saxlanılacaq və həmin müddətdə analoji vakansiya yarandıqda təyin oluna biləcək.
Z.Oruc test imtahanlarının ildə ən azı bir dəfə keçirilməsinin nəzərdə tutulduğunu da bildirib. Onun sözlərinə görə, daha balanslı yanaşmanın tətbiqinə ehtiyac var:
“Məsələn, sertifikatın ümumi qüvvədə olma müddəti iki il olsun, həmin şəxslər üçün yenilənmə testi verilsin və vakansiya tapa bilməyən şəxslər üçün müəyyən keçid güzəştləri tətbiq olunsun. Çünki məqsəd peşəkarlığı qorumaqdırsa, namizədi eyni imtahana qaytarmaq bürokratik və eyni zamanda maddi yükdür”.
Deputat attestasiya ilə daimi imtahan rejiminin fərqli anlayışlar olduğunu vurğulayıb. Bildirib ki, dövlət qulluqçusu il ərzində bir neçə dəfə müxtəlif yoxlama, daxili imtahan və qiymətləndirməyə cəlb olunursa, onun vaxtının və resurslarının böyük hissəsi əsas işindən ayrılır.
Z.Oruc çıxışında vahid vəzifə sisteminin yaradılmasının da vacibliyinə toxunub.
“Unitar dövlətin qulluğunda eyni dəyərdə iş müxtəlif qurumlarda tamamilə fərqli karyera imkanlarına malik olmamalıdır. Məsələn, aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi kimi vəzifələrin məsuliyyət və səlahiyyət səviyyəsi bir-birindən ciddi fərqlənmir. Əvəzində titulların sayı çoxalsa da, səlahiyyət böyümür, olduğu kimi qalır”, – deyə deputat bildirib.
O, bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatının yaradılmasını təklif edib və əmək təcrübəsi ilə karyera məsələsinin bir-birindən ayrılmaz olduğunu vurğulayıb.
Qiymət Mahir