Dövlət Komitəsi Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı açıqlama yaydı

Dövlət Komitəsi Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı açıqlama yaydı
30.09.2026 13:21 Daxili siyasət

Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ciddi narahatlığına səbəb olub.

TodayPress TV xəbər verir ki, Dövlət Komitəsi qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pislədiyini bildirib.

Qeyd olunub ki, məsələ ilə bağlı Komitə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlayır.

“Alınan məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı isə davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır”, – açıqlamada bildirilib.

Komitə qeyd edib ki, hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, eləcə də ona lazımi dəstəyin göstərilməsidir.

Bununla yanaşı, hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və nəticələrə uyğun hüquqi qiymət veriləcək.

Dövlət Komitəsi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, həmçinin araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər