Şimali Makedoniyalı nazir: 650 milyonluq bazara çıxışımız var!

Şimali Makedoniyalı nazir: 650 milyonluq bazara çıxışımız var!
25.09.2026 12:00 Tədbirlər

“Kiçik və açıq iqtisadiyyat üçün sabitlik, proqnozlaşdırıla bilənlik, böyük bazarlar və iqtisadi imkanlarla bağlantı xüsusilə vacibdir”.

TodayPress TV xəbər verir ki, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkənin ticarət sazişləri 650 milyondan çox istehlakçının olduğu bazara çıxış imkanı yaradır.

“Ticarət sazişlərimiz Avropa İttifaqı ilə Sabitləşdirmə və Assosiasiya Sazişi, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə azad ticarət sazişləri, eləcə də regional ticarət razılaşmaları vasitəsilə 650 milyondan çox istehlakçının olduğu bazara çıxış imkanı yaradır”, – B.Durmishi bildirib.

Nazir qeyd edib ki, enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi də əsas prioritetlərdəndir.

“Əlçatan və münasib qiymətli enerji sənayenin rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilir. Biz regional enerji bağlantıları üzərində işləyir, elektrik şəbəkəsini gücləndirir və enerji saxlama imkanlarını inkişaf etdiririk”, – deyə o vurğulayıb.

B.Durmishi bildirib ki, iri infrastruktur layihələrinin sürətləndirilməsi artıq iqtisadi fəallığa birbaşa təsir göstərir.

“İlin ilk yarısında tikinti sektoru 15 faiz artıb ki, bu da iri infrastruktur layihələrinin icrasının sürətləndirilməsini əks etdirir”, – nazir qeyd edib.

O əlavə edib ki, Şimali Makedoniya biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş islahatları da davam etdirir.

“Bu çərçivədə inzibati prosedurlar sadələşdirilir, tənzimləyici yük azaldılır, dövlət xidmətləri rəqəmsallaşdırılır və investisiyalar üçün şərtlər yaxşılaşdırılır”, – B.Durmishi bildirib.

Nazirin sözlərinə görə, Şimali Makedoniya regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə də xüsusi diqqət yetirir.

“Şimali Makedoniya CEFTA çərçivəsində, eləcə də Qərbi Balkan ölkələrinin daha inteqrasiya olunmuş regional bazar yaratmaq və xidmətlərin, kapitalın və insanların hərəkətini asanlaşdırmaq məqsədilə həyata keçirdiyi Ümumi Regional Bazar təşəbbüsündə fəal tərəfdaşdır. Bu, həmçinin Avropanın vahid bazarına keçid üçün körpü rolunu oynayır”, – deyə o qeyd edib.

B.Durmishi vurğulayıb ki, əsas məqsəd xarici şoklara davamlı, eyni zamanda yeni investisiyalar və texnologiyalar cəlb edə bilən, yeni iş yerləri yaradan və Avropa və qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya olunan iqtisadiyyat formalaşdırmaqdır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər