Konqoda Ebola virusuna yoluxanların sayı 11 mini ötdü

Konqoda Ebola virusuna yoluxanların sayı 11 mini ötdü
12.11.2026 07:50 Dünya

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 11 042-yə çatıb. Xəstəlikdən indiyədək 5 387 nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Medical Xpress” nəşrinin yazdığına görə, hazırkı epidemiya Konqo tarixində ən ölümcül Ebola epidemiyalarından birinə çevrilib.

Epidemiyanın başlandığı may ayının ortalarından etibarən hakimiyyət orqanları infeksiyanın yayılmasına nəzarət edə bilmirlər. Buna silahlı münaqişələr, səhiyyə sistemindəki böhran, yolların pis vəziyyətdə olması, eləcə də əhalinin tibb işçilərinə inamsızlığı və dezinformasiya mane olur.

Hazırkı epidemiyaya Ebola virusunun növlərindən biri olan Bundibuqyo virusu səbəb olub. Bu virusun qarşısını almaq üçün hazırda təsdiqlənmiş peyvənd və xüsusi müalicə üsulu mövcud deyil. İnfeksiya ölkənin 26 əyalətindən 8-nə yayılıb.

Səhiyyə qurumlarını xüsusilə epidemiyadan ən çox zərər çəkmiş İturi və Şimali Kivu əyalətlərində yeni yoluxma ocaqlarının yaranması narahat edir. Mütəxəssislər tibbi personalın xəstələrə maneəsiz çatması və yardım göstərə bilməsi üçün hərbi əməliyyatların dayandırılmasına çağırırlar.

Vəziyyəti tibb müəssisələrinə və səhiyyə işçilərinə edilən hücumlar daha da çətinləşdirir. Bəzi icmalarda virusla bağlı məlumatlara inamsızlığın qalması epidemiya ilə mübarizə aparan şəxslərin riskini artırır.

Ekspertlər infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlərin gücləndirilməsini vacib hesab edirlər. Bununla yanaşı, Konqo hüdudlarından kənarda, o cümlədən Uqanda, Keniya və Nigeriyada da xəstəliyə yoluxma halları qeydə alınıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər