Marsda elə bir dağ var ki, Everest onun yanında heç nədir
Marsda yerləşən Olimp dağı Günəş sisteminin ən nəhəng vulkanlarından biridir. Onun hündürlüyü 21 900 metrə çatır ki, bu da Yer kürəsinin ən hündür zirvəsi olan Everestdən təxminən 2,5 dəfə çoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (ESA) “Mars Express” kosmik aparatından əldə edilən məlumatlara istinadən “Futura” nəşri yazıb.
Latınca “Olympus Mons” adlandırılan bu nəhəng vulkanın əsasının diametri təxminən 600 kilometrdir. Bu göstərici onun miqyasının nə qədər böyük olduğunu təsəvvür etməyə imkan verir. Zirvəsində isə diametri 25 kilometr, dərinliyi 3 kilometr olan nəhəng kaldera yerləşir.
Olimp dağı qalxan tipli vulkan hesab olunur. Bu cür vulkanlar uzun müddət ərzində axıcı bazalt lavalarının üst-üstə toplanması nəticəsində formalaşır. Buna görə də onun yamaclarının orta meyilliyi cəmi 5 faizdir.
Alimlərin hesablamalarına görə, vulkanın formalaşması təxminən 3,5 milyard il əvvəl başlayıb. Ən gənc lava axınlarının təxminən 2 milyon il əvvələ aid olduğu bildirilir. Hazırda aktiv püskürmə qeydə alınmasa da, bölgədə müşahidə edilən bəzi yeraltı təkanlar vulkanın dərinliklərində geoloji proseslərin davam edə biləcəyinə işarə edir.
Olimp dağı ilə bağlı daha bir maraqlı kəşf 2024-cü ildə edilib. Braun Universitetinin tədqiqatçısı Adomas Valantinasın rəhbərlik etdiyi komanda Marsın ekvatorial bölgəsindəki vulkanların yamaclarında, o cümlədən Olimp dağında su buzundan ibarət qırov aşkar edib.
Əvvəllər güclü günəş şüalanması və Mars atmosferinin seyrək olması səbəbindən belə buz təbəqələrinin bu ərazilərdə mövcudluğu ehtimalı aşağı hesab edilirdi. Lakin tədqiqatçılar toz qatının buz çöküntülərini qoruduğunu müəyyənləşdiriblər.
Bu kəşf gələcəkdə Marsa göndəriləcək pilotlu missiyalar baxımından da əhəmiyyətlidir. Çünki planetin səthində suyun, hətta qırov şəklində mövcudluğu gələcək tədqiqatlar və mümkün resurslardan istifadə perspektivlərini genişləndirir.
Kübra Musayeva