164 min dollarlıq maaşla işçi axtarılır: Amma bir şərt var!
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni astronavtların seçimi üçün müraciət qəbuluna başlayıb. Seçilən namizədləri yüksək maaş və Aya uçmaq imkanı gözləyir. Lakin bu vəzifəyə qəbul olunmaq heç də asan deyil.
TodayPress TV xəbər verir ki, bu barədə “Geekspin” nəşri məlumat yayıb.
NASA-da astronavtların illik başlanğıc maaşı 164 395 dollar təşkil edir. Bu, ABŞ-da orta illik əməkhaqqından iki dəfədən çox yüksəkdir. Müraciətlər dekabrın 3-dək qəbul ediləcək.
NASA-nın məlumatına görə, seçim prosesi kifayət qədər rəqabətlidir. Belə ki, 2024-cü ildə keçirilən son seçim zamanı 8 mindən çox insan müraciət edib, onlardan yalnız 10-u astronavt hazırlığına qəbul olunub.
Hazırda NASA-nın astronavt heyətində 32 nəfər var. Yeni qəbul ediləcək namizədlər bu heyətə qoşulacaqlar.
Namizədlərə hansı tələblər qoyulur?
Namizədlər ABŞ vətəndaşı olmalı, akkreditə olunmuş ali təhsil müəssisəsində elm, texnologiya, mühəndislik və ya riyaziyyat sahəsində magistr dərəcəsi almalıdırlar. Magistr təhsili olmayan şəxslər isə doktorantura proqramında azı iki il təhsil almış olmalıdırlar.
Bundan əlavə, ixtisas üzrə minimum üç illik iş təcrübəsi və beş tövsiyə məktubu tələb olunur. Namizədlər uzunmüddətli kosmik uçuşlar üçün nəzərdə tutulan xüsusi tibbi müayinədən də keçməlidirlər.
NASA namizədlərin liderlik bacarıqlarına, komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq qabiliyyətinə də xüsusi önəm verir.
Seçimdən uğurla keçən şəxslər Hyustondakı Conson Kosmik Mərkəzində iki il intensiv hazırlıq keçəcəklər. Təlimlərə reaktiv təyyarələrin idarə olunması, robotlaşdırılmış mexanizmlərlə işləmək, açıq kosmosa çıxış və Beynəlxalq Kosmik Stansiyada fəaliyyət daxildir. Namizədlər, həmçinin Ayın geologiyasını öyrənəcəklər.
NASA yeni astronavt nəslinin gələcəkdə Aya qayıdış və Marsa uçuş missiyalarında iştirak edəcəyini gözləyir.
Kübra Musayeva