"Qloballaşma formasını dəyişir" – Mikayıl Cabbarov vacib məsələləri açıqladı

"Qloballaşma formasını dəyişir" – Mikayıl Cabbarov vacib məsələləri açıqladı
25.09.2026 10:30 Tədbirlər

“Bizneslərin və hökumətlərin hara investisiya yatırmaq, hansı istiqamətlərə üstünlük vermək, kimlərlə ticarət aparmaq və hansı əlaqələrə etibar etmək məsələlərini yenidən nəzərdən keçirdikləri bir dövrdə görüşürük”. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu proses qloballaşmanın öz formasını dəyişdiyi bir şəraitdə baş verir.

“Xərclər və səmərəlilik hələ də mühüm əhəmiyyət daşıyır. Lakin tərəfdaşların etibarlılığı və təchizat zəncirlərinin dayanıqlılığı iqtisadi qərarların qəbulunda və siyasətin formalaşdırılmasında getdikcə daha böyük rol oynayır”, – nazir qeyd edib.

M.Cabbarov Azərbaycanın bu çağırışlara cavab olaraq uzunmüddətli tərəfdaşlıq nəticəsində formalaşmış etimadı möhkəmləndirdiyini, regionlar arasında əlaqələri gücləndirdiyini və bu əlaqələrdən yalnız tranzit və bağlantı imkanları yaratmaqla kifayətlənməyərək daha geniş iqtisadi dəyər yaratmaq üçün istifadə etdiyini vurğulayıb.

“Pandemiyanın yaratdığı təchizat və daşınma problemləri, eləcə də davam edən geosiyasi gərginlikləri əhatə edən son altı il göstərdi ki, ilk baxışda uzaqda baş verən bir hadisə ölkə daxilində istehsalı nə qədər sürətlə dayandıra bilər”, – deyə iqtisadiyyat naziri bildirib.

O əlavə edib ki, tariflər, subsidiyalar və ixraca nəzarət mexanizmləri strateji sənaye sahələrinin rəqabət şəraitində harada yerləşdiriləcəyinə getdikcə daha çox təsir göstərir.

“Hazırda hər kəs dayanıqlılıq axtarır. Düşünürəm ki, bu, tamamilə təbiidir. Lakin dayanıqlılığın da öz qiyməti var. Təchizat zəncirlərinin təkrarlanması və texnologiyalara çıxışın məhdudlaşdırılması istehsalı çox vaxt daha da bahalı edir. Kiçik iqtisadiyyatların isə əməkdaşlığın və ticarətin açıq saxlanılmasında marağı getdikcə artır”, – M.Cabbarov vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər