Mikayıl Cabbarov: Azərbaycan mövcud tərəfdaşlıqlara daha çox sərmayə yatırır
“Biz mövcud tərəfdaşlıqlara daha çox sərmayə yatırırıq. Mərkəzi Asiya qarşılıqlı ticarət və investisiyalar baxımından ən böyük və ən sürətlə inkişaf edən istiqamətdir. Eyni vəziyyət Körfəz ölkələrinə də aiddir”.
TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfdaş ölkələrlə birgə investisiya fondlarının yaradılmasına xüsusi önəm verir.
“Bu baxımdan biz birgə investisiya fondlarının yaradılmasından çəkinmirik və ÜDM yanaşmasından milli gəlir yanaşmasına keçidə də diqqət yetiririk”, – M.Cabbarov bildirib.
O qeyd edib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri bu istiqamətdə fəaliyyət göstərir.
“Biz müəyyən mənada təbii kapital ixracatçısıyıq. Lakin buna yalnız kapital ixracı kimi baxmırıq. Bunu həm də bilik, nou-hau və təcrübə transferi kimi qiymətləndiririk və bu proses hər iki istiqamətdə baş verir”, – deyə iqtisadiyyat naziri vurğulayıb.
M.Cabbarov bildirib ki, forum çərçivəsində bir sıra sazişlərin imzalanması gözlənilir.
“Düşünürəm ki, bu gün və sabah Prezidentin iştirakı ilə bir sıra sazişlərin imzalanmasının şahidi olacağıq. Söhbət yalnız müqavilələrdən və ölkəyə yönələn investisiyalardan deyil, həm də xaricə yatırılan investisiyalardan gedir”, – nazir qeyd edib.
“Əlbəttə, güclü tərəfdaşlıq və möhkəm etimad olmadan bunları həyata keçirmək mümkün olmazdı”, – M.Cabbarov əlavə edib.
Qiymət Mahir