Mikayıl Cabbarov: Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib

Mikayıl Cabbarov: Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib
25.09.2026 10:43 Tədbirlər

“Şübhəsiz ki, dənizə çıxışı olmayan ölkəyik. Lakin uzunmüddətli siyasət və davamlı investisiyalar nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib”.

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın ərazisindən hər iki istiqamətdə keçir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, gəmiqayırma zavodumuz və Xəzər dənizindəki liman infrastrukturu Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin əsas bağlantı və elementlərini təşkil edir”, – nazir bildirib.

M.Cabbarov qeyd edib ki, Azərbaycan dəhliz boyunca tərəfdaşları ilə əməkdaşlıq edərək təhlükəsiz və etibarlı marşrut yaradıb.

“Yükdaşımaların həcmi hər il artır və potensial hələ bundan daha böyükdür”, – deyə iqtisadiyyat naziri vurğulayıb.

Nazir Dünya Bankının 2023-cü ildə apardığı qiymətləndirməyə də diqqət çəkib.

“Dünya Bankı 2023-cü ildə apardığı qiymətləndirmədə qeyd edib ki, düzgün investisiyalar və səmərəliliyin artırılması üzrə tədbirlər Orta Dəhliz boyunca yük axınlarını 2030-cu ilədək üç dəfə artıra, daşınma müddətini isə yarıya endirə bilər”, – M.Cabbarov deyib.

O əlavə edib ki, bu yanaşma Avropa İttifaqının Orta Dəhlizlə bağlı siyasətində də öz əksini tapır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər