Gündüz İsmayılov: Azərbaycanda yüzlərlə tarixi dini abidə təyinatı üzrə fəaliyyət göstərir
“Ölkəmizdə yüzlərlə tarixi dini abidə var ki, bu gün təyinatı üzrə fəaliyyət göstərir. Həmin tarixi dini abidələr məscid, kilsə, sinaqoq kimi fəaliyyət göstərir və onların hər birində dini icmalarımız mövcuddur”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransdan öncə jurnalistlərə açıqlamasında deyib.
G.İsmayılov bildirib ki, 2026-cı ilin Prezidentin sərəncamı ilə Azərbaycanda “Şuşa ili” elan edilməsi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi tərəfindən tarixi dini abidələrin qorunması ilə bağlı birgə tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, konfransın əsas məqsədi ölkədə fəaliyyət göstərən yüzlərlə tarixi dini abidənin qorunması, təmiri və bərpası, həmçinin onların gələcək nəsillərə ötürülməsi ilə bağlı məsələləri müzakirə etməkdir.
“Tarixi dini abidələrimizin hər birinin ayrıca bir hekayəsi var. Həmin hekayələr bu gün cəmiyyətimiz və dindarlarımız üçün çox önəmlidir. Keçmişdən nəticə çıxarmağımız baxımından bu məsələləri müzakirə etmək, tarixi dini abidələrin qorunmasında dini icmaların, din xadimlərinin və dindarlarımızın rolunu, imkanlarını nəzərdən keçirmək əsas məqsədlərdəndir”, - deyə G.İsmayılov qeyd edib.
Sədr müavini vurğulayıb ki, bu istiqamətdə fəaliyyət Mədəniyyət Nazirliyi ilə koordinasiya edilir və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, ölkədəki tarixi dini abidələrin böyük əksəriyyəti dünya, ölkə və yerli əhəmiyyətli abidələrdir və onların bir qismi artıq təmir olunub.
G.İsmayılov Bakıdakı Təzəpir, Bibiheybət və Əjdərbəy məscidlərini, həmçinin Şamaxı Cümə məscidini və Gəncə İmamzadəsini xüsusi qeyd edib.
O, ölkədə fəaliyyət göstərən tarixi kilsələr və sinaqoqlar barədə də danışıb:
“Alban kilsələrini xüsusi qeyd etmək istəyirəm. Rus Pravoslav kilsəsi, eyni zamanda kilsələrlə yanaşı sinaqoqlar var ki, bu sinaqoqlar Bakı ilə yanaşı, Oğuzda, Qubada, Qırmızı qəsəbədə fəaliyyət göstərirlər”.
Sədr müavininin sözlərinə görə, tarixi dini abidələrin qorunması və bərpası, eləcə də bu prosesdə dini icmaların və din xadimlərinin rolu konfransın əsas müzakirə mövzularındandır.
Qeyd edək ki, konfransda din xadimləri, dini icma üzvləri, dindarlar, həmçinin mədəniyyət, tarixi dini abidələrin və ümumilikdə mədəni abidələrin qorunması sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər.
Qiymət Mahir