Azərbaycanı hədəf alan yeni informasiya kampaniyası? BND işi ilə bağlı iddialara cavab
Almaniyanın
Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı
aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın
adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır
və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma
kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
TodayPress TV-nin məlumatına görə, bu barədə Media və Yayım Şurasının bəyanatında
deyilir.
Qeyd olunub ki,
Almaniyanın "Der Spiegel" nəşrinin ilkin mənbə kimi yaydığı, daha
sonra "Reuters", "AFP", "France 24", "The
Times", "The Telegraph" və digər beynəlxalq media resurslarında
tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız
iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq
doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə
buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur:
"Bu
dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son
dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan
Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq
informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür
dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini
peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik,
etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi
riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin
manipulyasiya edilməsinə yol verməməyə çağırır".