Yeni pandemiya qapıdadır? Mal-qaradan keçən virus ölümlə nəticələndi
ABŞ-nin Vaşinqton ştatında insanlarda quş qripinin A(H5) virusuna yoluxmanın laboratoriya şəraitində təsdiqlənmiş üç halı qeydə alınıb. Onlardan biri xəstənin ölümü ilə nəticələnib.
TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz saytında məlumat yayıb.
“2026-cı il oktyabrın 16-dan noyabrın 4-dək olan müddətdə ABŞ Beynəlxalq Tibbi-Sanitar Qaydalar üzrə əlaqələndirmə mərkəzi vasitəsilə ÜST-ə Vaşinqton ştatında insanlarda A(H5) qrip virusuna yoluxmanın laboratoriya şəraitində təsdiqlənmiş üç halı barədə məlumat verib. Onlardan biri ölümlə nəticələnib. Bu, yoluxmuş süd verən mal-qara və ya onunla əlaqəli yoluxmuş mühitlə təmasdan sonra qeydə alınan ilk ölüm hadisəsidir”, – deyə bildirilib.
ÜST-nin məlumatına görə, xəstələnən hər üç şəxs əvvəllər iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusunun aşkar edildiyi Yakima dairəsindəki süd fermalarının əməkdaşlarıdır. Yoluxma hallarının şəraitinin araşdırılması və xəstələrlə təmasda olmuş şəxslərin müşahidəsi davam edir. Təşkilat dəqiqləşdirib ki, mövcud məlumatlara əsasən, virusun insandan insana ötürülməsinə dair hələlik heç bir sübut aşkar edilməyib.
ÜST A(H5N1) viruslarına yoluxma riskini ümumi əhali üçün aşağı, virusla peşə fəaliyyəti zamanı təmasda olan şəxslər üçün isə aşağı və ya orta səviyyədə qiymətləndirir. Yeni məlumatlar əldə olunduqca bu qiymətləndirmə dəyişə bilər.
Qeyd edək ki, quş qripi bütün dünyada yayılıb. Vəhşi quşların bir çox növü yoluxmanı asanlıqla keçirir, lakin ev quşları da daxil olmaqla bəzi növlərdə xəstəlik inkişaf edir və insanlara ötürülə bilir. İnsanlarda yoluxma müxtəlif ağırlıq dərəcələrində tənəffüs yolları infeksiyalarına, o cümlədən ölüm hallarına səbəb ola bilər.
Aysel Mətləb