Belarus etiraz ssenarisinə hazırlaşır - Hakimiyyət nədən ehtiyat edir?
Belarusda kütləvi iğtişaşların qarşısının alınmasına yönəlmiş komanda-qərargah təlimlərinə başlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin mövzusu əməliyyat şəraitinin kəskin şəkildə gərginləşməsi və fövqəladə vəziyyət elan edilməsi kontekstində kütləvi iğtişaşların qarşısının alınması zamanı dövlətin cavab tədbirləri sisteminin qüvvələrinin idarə olunmasıdır.
Nazirliyin məlumatına görə, təlimlərin məqsədi ali rəhbər heyətin fövqəladə vəziyyətlərin öhdəsindən gəlməyə hazırlıq səviyyəsini qiymətləndirməkdir.
“Ölkəmizin sərhədləri yaxınlığındakı vəziyyətin təhlili, Polşada baş vermiş son faciəvi hadisələr, digər Avropa ölkələrində son iki il ərzində baş vermiş terror aktları və kütləvi iğtişaşlarla bağlı hallar, xüsusi hərbi əməliyyatın gedişi və 2020-ci ildə əldə etdiyimiz öz təcrübəmiz göstərir ki, böhran vəziyyəti yaranacağı təqdirdə vaxt itirməyə imkan olmayacaq. Reallıq ondan ibarətdir ki, kütləvi iğtişaşlar və ya ekstremist hərəkətlər qəfil baş verə bilər və istənilən hadisə buna təkan verə bilər”, – deyə qeyd edilib.
Aysel Mətləb