AIIF 2026 yekunlaşdı: Azərbaycana 10,8 milyard dollar investisiya gəlir
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2026”) yekunlaşıb.
TodayPress TV xəbər verir ki, İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə təşkil olunan tədbir qlobal investorları, dövlət rəsmilərini və biznes liderlərini bir araya gətirib.
Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 investisiya sənədi imzalanıb. Sazişlər süni intellekt, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, tikinti, kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi strateji sahələri əhatə edir. Bakı Enerji Həftəsində elan edilən layihələr də daxil olmaqla, planlaşdırılan birgə investisiyaların həcmi 16,7 milyard dollara çatıb.
Müzakirələrdə Orta Dəhliz, yaşıl keçid, azad iqtisadi zonalar və regional bağlantı imkanları ön plana çıxarılıb.İmzalanan sazişlər xarici xüsusi kapitalın Azərbaycanın əlverişli və dayanıqlı iqtisadi mühitinə olan yüksək inamının göstəricisidir.
Jalə Rövşən
TodayPress TV