Yeni qadağalar sosial mediada nəyi dəyişəcək? - SOSİOLOQ RƏYİ

Cəmiyyət

16.01.2026 16:58

Azərbaycanda ictimai əxlaq normalarını pozan, milli-mənəvi dəyərlərə zidd hərəkətlərin veb saytlar və sosial media platformalarında yayılması qadağan edilir. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan sosioloq Mail Yaqub bildirib ki, bu qərar təqdirəlayiq, vacib və zəruri addımdır.


Onun sözlərinə görə, bu cür mexanizmlər əslində çoxdan tətbiq olunmalı idi:

“Heç bir şübhə yoxdur ki, inzibati qaydada, hüquqi mexanizmlər vasitəsilə bu kimi xoşagəlməz hallara qarşı tədbirlər görülsə, bu mütləq nəticə verəcək. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, cəmiyyətdə qayda-qanunun formalaşması və düzgün işləməsi vaxtilə sərt inzibati tədbirlərin tətbiqi nəticəsində mümkün olub. Bu gün inkişaf etmiş ölkələrdə mövcud nizam-intizamın əsasında məhz belə mexanizmlər dayanır. Bizdə də eyni yanaşma olmalıdır”.

Sosioloq sosial şəbəkələrdə söyüş söyən, təhqiramiz ifadələr işlədən və başqalarını alçaldan şəxslərə qarşı uzun  müddətdir hüquqi addımların atılmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu kateqoriyadan olan şəxslər maarifləndirmə və əxlaq çağırışları ilə dəyişmir: 

“Bu cür insanlar öyüd-nəsihətlə yola gələn deyillər. Onlara mütləq cəza verilməli və bu cəza sərt şəkildə tətbiq olunmalıdır. Açıq-aşkar görünür ki, bu cür davranış sərgiləyən şəxslərin mədəniyyət, əxlaq və tərbiyə səviyyəsi formalaşmayıb və onlar anormal davranışları ilə cəmiyyəti zəhərləyirlər. Bu səbəbdən də belə halların qarşısının alınması qaçılmazdır”.

Mail Yaqub hesab edir ki, yeni qadağalar nəticəsində ictimai əxlaqa zidd paylaşımlar və davranışlar əhəmiyyətli dərəcədə azalacaq.     

Qeyd edək ki, Prezident İlham Əliyev "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna müvafiq dəyişiklikləri təsdiqləyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mail Yaqub,Sosioloq,İctimai əxlaq,Qadağa,Todaypress.tv,