Son günlər Bakı metrosunda qatarlar niyə dayanır? - RƏSMİ

Cəmiyyət

22.01.2026 15:35

Son günlər Bakı metropolitenində qatarların hərəkəti zamanı ani dayanma halları qeydə alınır. 

Bəs bu, nə ilə bağlıdır?

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TodayPress TV-yə açıqlama verib. 


O bildirib ki, hər hansı nasazlıq və ya qeyri-adi hal baş verdikdə ictimaiyyət dərhal məlumatlandırılır:

"Əgər hər hansı bir problem yaranarsa, bu barədə məlumat verilir. Həmçinin dayanma səbəbi və digər məsələlərlə bağlı da müvafiq açıqlamalar təqdim olunur.  Qatarların hərəkəti zamanı hər hansı texniki uyğunsuzluq, siqnalizasiya sistemi ilə bağlı risk və ya təhlükəsizlik tələb edən vəziyyət yarandıqda qatarlar avtomatik və ya operator tərəfindən dayandırılır. Ancaq çox vaxt səbəb texniki nasazlıq olmur. Bu, müəyyən edilən prosedur qaydaları ilə bağlıdır və həmin qaydalara əməl edilir".

Onun sözlərinə görə, belə hallarda qatarın hərəkəti vəziyyətə operativ şəkildə baxıldıqdan sonra bərpa olunur:

"Hər bir dayanma halı üzrə müvafiq prosedurlar mövcuddur. Problem müəyyən edildikdən və aradan qaldırıldıqdan sonra qatarlar hərəkətini davam etdirir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bakı metropoliteni,Bəxtiyar Məmmədov,Qatar,Problem ,Todaypress.tv,