SON DƏQİQƏ! Bakıda taksi qiymətləri yenidən artacaq?
Cəmiyyət
21.01.2026 22:20
Qar yağdıqdan sonra Bakıda taksi xidmətlərinin qiymətlərində artım müşahidə olunur. Vətəndaşlar isə xüsusilə ictimai nəqliyyatın məhdud işlədiyi ərazilərdə bu vəziyyətdən narazılıqlarını bildirirlər.
Problemlə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi qiymətləri sabit deyil və müxtəlif amillərdən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, taksi xidmətlərində tətbiq olunan tariflər dəyişir:
"Taksi qiymətləri hər zaman eyni olmur. Qarlı və yağışlı havalarda insanlar şəxsi avtomobil sürməkdən çəkinir və taksiyə üstünlük verirlər. Bu zaman taksi tapan sürücülərin sayı azalır, sifarişlərin sayı isə artır. Nəticədə qiymətlər yüksəlir. Eyni vəziyyət səhər və axşam saatlarında da müşahidə olunur".
Eldəniz Cəfərov qeyd edib ki, qarlı hava şəraitində taksidən istifadə bəzən daha təhlükəsiz və rahat seçim ola bilər:
"Təcrübəli sürücülər qarlı havada avtomobili necə idarə etməyi bilirlər. Təbii ki, bütün sürücülər bu bacarığa malik deyil və yol şəraitindən asılı olaraq ehtiyatlı davranmaq lazımdır. Bəzi taksi şirkətləri qış təkərlərindən istifadə edir və təhlükəsizlik qaydalarına riayət edir".
Ekspertin fikrincə, qarlı havada şəxsi avtomobil idarə etmək istəməyən və ya avtobus gözləməkdə çətinlik çəkən vətəndaşlar üçün taksi xidmətləri alternativ və daha əlverişli seçim ola bilər:
“Bu səbəbdən qarlı havalarda taksiyə tələbatın artması və qiymətlərin yüksəlməsi bazar prinsipləri baxımından müəyyən qədər anlaşılandır", - deyə o vurğulayıb.
Türkan İsgəndərli
tag: Taksi,Qiymət,Qar,Hava,Todaypress.tv,
