"Qərbi Azərbaycana qayıdış azərbaycanlılarının strateji hədəfidir"

Cəmiyyət

16.01.2026 11:49

"Qərbi Azərbaycan məsələsi ətrafında görülən fəaliyyətlər strateji xarakter daşımalıdır". 

TodayPress TV xəbər verir ki, bu fikirləri “Tarixi Yurda Qayıdış” konfransında Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov səsləndirib.

O bildirib ki, bu mövzu yalnız deportasiya olunmuş bir qrupun deyil, dünyada yaşayan 60 milyona yaxın azərbaycanlının ümumi məsələsi kimi təqdim edilməlidir:

"Qayıdış hüquqları beynəlxalq hüquqda qədim tarixi əsaslara malikdir və bu istiqamətdə Azərbaycanda müxtəlif dövrlərdə təşkilatlar fəaliyyət göstərib. Xüsusilə 1987-1991-ci illərdə Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlının deportasiyasından sonra yaradılan ictimai qurumlar qayıdış hüquqlarının bərpası üçün mühüm işlər görüblər.

"2022-ci ildən etibarən Qərbi Azərbaycan məsələsinə yeni yanaşma formalaşıb və Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə bağlı proqram xarakterli çıxışları bu mövzunu dövlət və dünya azərbaycanlıları üçün strateji məqsədə çevirib. Beynəlxalq ictimai diqqətin cəlb olunması, hüquqi bazanın möhkəmləndirilməsi əsas prioritetdir. Bu çərçivədə Qərbi Azərbaycan İcması son üç ildə 330-a yaxın bəyanat yayıb, 11 mühüm sənəd isə BMT-nin rəsmi dillərində beynəlxalq təşkilatlar tərəfindən dövriyyəyə buraxılıb".

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunan qətnamələrdə qərbi azərbaycanlıların qayıdış hüquqları açıq şəkildə dəstəklənib. İstanbul və digər beynəlxalq zirvələrdə 40-dan çox ölkənin xarici işlər naziri və 57 dövlətin nümayəndəsinin bu sənədlərə yekdilliklə səs verməsi məsələnin beynəlxalq legitimliyinin artdığını göstərir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Qalib Qasımov,Konfrans,Çıxış,İcma,Todaypress.tv,