"Hədəf rəqabət deyil, ixracdır" – Deputatdan Ermənistan bazarı ilə bağlı açıqlama
Cəmiyyət
16.01.2026 13:51
"Azərbaycanın məqsədi heç bir bazarda hansısa dövləti hədəf almaq və ya rəqabət aparmaq deyil"
Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan sadəcə enerji ixracından gəlir əldə edir:
"Azərbaycan dünya və region qiymətlərinə uyğun olaraq enerjini Ermənistana nəql edir. Buradakı əsas məqsəd, xüsusən şirkətlər arasında əməkdaşlıq qurulduğu və ixrac-idxal həyata keçirildiyi nəzərə alınarsa, rentabel şəkildə benzinin ixracını təmin etmək və ixracdan gəlir əldə etməkdir. Hər bir şirkətin məqsədi eyni zamanda gəlir əldə etməkdir".
Deputat qeyd edib ki, Ermənistandakı qiymətlərin səviyyəsi və yeni idxal mənbələrinin bazara təsiri isə birbaşa həmin ölkənin daxili bazar vəziyyətindən asılıdır. Ermənistan enerji idxalında mənbələri şaxələndirməyə çalışır ki, bu da açıq şəkildə görünür.
V.Bayramov vurğulayıb ki, Azərbaycan enerji məhsullarını beynəlxalq qiymətlərə uyğun ixrac edir:
"Azərbaycanın məqsədi isə heç bir bazarda hansısa dövləti hədəf almaq və ya rəqabət aparmaq deyil. Əsas məqsəd ixrac – öz neftini, benzinini və digər enerji məhsullarını xarici bazarlara çıxarmaqdır. Buna görə də Azərbaycan enerji məhsullarını ixrac edərkən beynəlxalq qiymətlərə və mövcud şərtlərə uyğun hərəkət edir".
Parlamentari sonda əlavə edib ki, əgər Ermənistan gələcəkdə digər mənbələrdən enerji idxalını davam etdirərsə, bu onun bir mənbədən asılılığının ciddi şəkildə azalmasına gətirib çıxara bilər.
Qeyd edək ki, Azərbaycandan Ermənistana benzin idxalı Ermənistanda yanacaq bazarında real rəqabət yaradaraq qiymətlərin 30–70 dram azalmasına səbəb olub. Uzun illər bazarı inhisarda saxlayan, əsasən Rusiyadan asılı olan şirkətlər qiymətləri endirməyə məcbur qalıblar. Ermənistan hökuməti bunu inhisarların sarsılması və tədarükün şaxələndirilməsi kimi qiymətləndirir, cəmiyyətdə isə illərlə saxlanılan yüksək qiymətlərin əsassız olduğu barədə narazılıq güclənib.
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,Ermənistan,Bazar,Todaypress.tv,
