Ekspert Şurası toplandı: “Roblox” platforması ilə bağlı narahatlıq

Cəmiyyət

21.01.2026 20:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib.

TodayPress TV xəbər verir ki, 21 yanvar 2026-cı il tarixində keçirilən iclasda “Roblox” oyun platforması ilə bağlı daxil olmuş şikayət və müraciətlərə baxılması, bu məsələ ilə bağlı görüləcək işlərə dair yekun qərarın verilməsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi, eləcə də uşaqların zərərli informasiyadan qorunması məqsədilə aparılan monitorinqlərin nəticələri müzakirə olunub.

Ekspert Şurasının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək ötən il ərzində uşaqların informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, cari ildə bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsinin və cəmiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, uşaqları əhatə edən xidmət sahələrinin monitorinqi barədə danışan A. Sofiyeva bu sahədə məsul şəxslərin öhdəliklərini nə dərəcədə yerinə yetirmələri ilə bağlı fikirlərini bölüşüb.

İclasın gündəliyində duran əsas məsələlərdən biri kimi “Roblox” oyun platformasının uşaqlar arasında geniş yayılmasının ciddi narahatlıq doğurduğu, bu barədə aidiyyəti qurumlara çoxsaylı müraciətlərin daxil olduğu və konkret tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib.

Müzakirələrdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Ekspert Şurasının üzvləri – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimləmə sektorunun baş məsləhətçisi Fatimə Eyyub, Audiovizual Şuranın Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı,  Ekspert Şurasının katibi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə, Mədəniyyət Nazirliyinin Film, video və videooyunlar sektorunun əməkdaşı Fərid Bağırov və müstəqil ekspert kimi pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova çıxış edərək təkliflərini səsləndiriblər.

tag: İnformasiya ,Aynur Sofiyeva ,Roblox,Fərid Bağırov,Todaypress.tv,