Dini Komitənin sədri Misir Prezidenti ilə görüşdə iştirak etdi
Cəmiyyət
21.01.2026 13:48
Misir Prezidenti Əbdülfəttah əs-Sisi "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı konfransda iştirakçılarını qəbul edib.
Bu barədə TodayPress TV-yə qurumdan məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da görüşdə iştirak edib.
Misir Prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir. Prezident konfransı müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirib.
Əbdülfəttah əs-Sisi konfrans çərçivəsində aparılan müzakirələrin İslam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və İslamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub.
tag: Ramin Məmmədov,Misir,Konfrans,İştirak,Todaypress.tv,
