Bir gündə 8 zəhərlənmə: Dəm qazı "kabus"undan necə qorunaq?
Cəmiyyət
17.01.2026 16:29
“Dəm qazından qorunmaq üçün qaz cihazlarının təhlükəsiz istismarı zamanı işlək ventilyasiya sisteminin olması və dəm qazı detektorunun quraşdırılması vacibdir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bunu TodayPress TV-yə danışarkən bildirib.

O vurğulayıb ki, məişətdə qaz cihazlarından istifadə edilirsə, onların təhlükəsiz istismarı mütləq təmin olunmalıdır:
“Bunun üçün standartlara uyğun qaz cihazlarından istifadə edilməli, həmin cihazların yerləşdiyi otaqlarda havalandırma və ventilyasiya sistemi quraşdırılmalıdır. Eyni zamanda tüstü bacası işlək vəziyyətdə olmalı, standartlara cavab verməli və dəm qazına qarşı detektor quraşdırılmalıdır. Bu tələblərə əməl edildiyi halda zəruri təhlükəsizlik tədbirləri görülmüş sayılır və bu da insanları bədbəxt hadisələrdən qoruyur”.
Ekspert əlavə edib ki, ilk növbədə qaz cihazı yerləşən otaqda ventilyasiya və nəfəslik mütləq olmalıdır, çünki qazın yanması üçün oksigen tələb olunur. Otaqda ventilyasiya, havalandırma və ya nəfəslik olmadıqda bu, yanma prosesinə mane olur və nəticədə dəm qazının yaranma ehtimalı artır.
“Eyni zamanda tüstü bacalarına da xüsusi diqqət yetirilməlidir. Onlar standartlara uyğun, kifayət qədər sovurma qabiliyyətinə malik və işlək vəziyyətdə olmalıdır. Tüstü bacasının əsas funksiyası yanmış qazları atmosferə xaric etməkdir. Əgər tüstü bacası işlək vəziyyətdə olmazsa, bu da yanma prosesini pozur və dəm qazının yaranmasına səbəb olur”, - deyə Nurəliyev xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, dəm qazı ilə zəhərlənmə hadisələrinə ən çox hamam otaqlarında rast gəlinir. Bunun əsas səbəbi təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılmasının məqsədəuyğun hesab edilməməsidir. O bildirib ki, cihaz artıq quraşdırılıbsa, bədbəxt hadisələrin qarşısını almaq üçün otağın texniki parametrlərinə ciddi diqqət yetirilməlidir:
“Havanın kifayət qədər dövr etməsi üçün hamam otağının hündürlüyü ən azı 2.2 metr, ümumi həcmi isə 7.5 kubmetr olmalıdır. Bu ölçülər otaqda kifayət qədər havanın olması üçün vacibdir”.
O, həmçinin bildirib ki, dəm qazına qarşı detektor quraşdırılmalı, ventilyasiya və havalandırma sistemi təmin edilməli, qapılarda isə havanın dövranını təmin edən kiçik dəliklər olmalıdır ki, otaqda havasızlıq yaranmasın.
“Mətbəxdə də qaz cihazlarından istifadə olunursa, orada mütləq dəm qazına qarşı detektor quraşdırılmalı, nəfəslik və ventilyasiya sistemi daim işlək vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda tüstü bacası standartlara uyğun və saz vəziyyətdə olmalıdır ki, bədbəxt hadisələrin qarşısı alınsın”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd edək ki, yanvarın 17-də Tovuz və Zaqatala rayonlarında dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Hər iki ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Aysel Mətləb
