Bahalı materiallar, sürüşkən səkilər, arxa plana atılan təhlükəsizlik...

Cəmiyyət

21.01.2026 22:32

Yağışlı və qarlı hava şəraitində insanların xəsarət almasının əsas səbəblərindən biri də səkilərdə, pilləkənlərdə və obyektlərin qarşısında istifadə olunan sürüşkən döşəmə materiallarıdır. 

Bir çox parkda, ictimai məkanda və obyekt önlərində döşənən tametlər, piltələr və daşlar yağış və qar zamanı təhlükə yaradır, piyadaların yıxılmasına səbəb olur.  

Bəs bu cür halların qarşısını almaq üçün hansı materiallara üstünlük verilməlidir?   

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, memar Cahid Həsənov bildirib ki, memarlıq və şəhərsalma zamanı qış ayları və iqlim şəraiti mütləq nəzərə alınmalıdır.


Onun sözlərinə görə, estetik baxımdan cəlbedici görünsə də, sürüşkən materiallardan istifadə ciddi fəsadlara yol açır:   

"Bu materiallar bahalıdır, effektli görünür, obyektə zəngin görüntü verir. Lakin yağışlı və qarlı havalarda həddindən artıq sürüşkən olur və insanlar ciddi xəsarətlər alırlar. Buna görə də döşəmə materiallarında sürüşkən qranitlərdən və daşlardan istifadə edilməməlidir". 

Ekspert əlavə edib ki, bu materialların əvəzinə təhlükəsiz alternativlər mövcuddur:

"Səkilər və pilləkənlər üçün xüsusi yandırılmış qranitlər, həmçinin yerli istehsal olan, sürüşkənliyi az olan çoxsaylı döşəmə materialları var. Onlar həm rənglidir, həm estetikdir, həm də təhlükəsizdir. Açıq səma altında yerləşən səkilərdə, obyektlərin, kafe və restoranların qarşısında, pilləkənlərdə sürüşkən materiallardan istifadə birmənalı şəkildə yolverilməzdir".

Memar bu sahədə normativ tənzimləmələrin vacibliyini də vurğulayıb:

"Əslində nəzarət ilk növbədə özəl sektorun və sahibkarların üzərində olmalıdır. Çünki bu obyektlərə girib-çıxan insanlar zərər görür, nəticədə sahibkarın özü də problemlə üzləşir. Memarlıq və şəhərsalma qaydalarında sürüşkən materiallardan istifadənin qadağan olunması ilə bağlı konkret normalar hazırlanmalıdır. Belə qaydalar tətbiq olunsa, həm təhlükəsizlik təmin edilər, həm də sahibkarlar təmir və tikinti zamanı hansı materiallardan istifadə etməli olduqlarını dəqiq bilər", - deyə Cahid Həsənov qeyd edib.

Türkan İsgəndərli

tag: Memar,Yol,Səki,Döşəmə,Todaypress.tv,