Avtobuslar niyə vaxtında gəlmir? - AÇIQLAMA
Cəmiyyət
30.01.2026 15:55
İctimai nəqliyyatda avtobusların təyin olunmuş intervallara əməl etməməsi sərnişinlərin ən çox narazı qaldığı məsələlərdən biridir. Görülən tədbirlərə baxmayaraq, bir çox marşrut üzrə gecikmələr hələ də tam aradan qaldırılmayıb və bu da dayanacaqlarda uzun gözləmə müddətlərinə səbəb olur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu TodayPress TV-yə bildirib ki, avtobusların vaxtında hərəkət etməməsi təkcə nəqliyyatın deyil, ümumilikdə şəhərsalmanın problemləri ilə bağlıdır.

Onun sözlərinə görə, bu sahədə müəyyən irəliləyişlər müşahidə olunsa da, problemi tam həll etmək üçün zamana ehtiyac var:
"Avtobus zolaqlarının yaradılması vəziyyəti xeyli yaxşılaşdırıb. Xüsusilə bəzi ərazilərdə avtobusların hərəkəti GPS sistemləri vasitəsilə izlənilir və gecikmələr real vaxt rejimində monitorlara ötürülür. Beləliklə, sərnişinlər avtobusun neçə dəqiqə gecikəcəyini əvvəlcədən görə bilirlər. Müasir texnologiyalar baxımından bu cür sistemlərin tətbiqi çətin deyil".
Ekspert əlavə edib ki, bir sıra ölkələrdə ictimai nəqliyyat üçün daha inkişaf etmiş mexanizmlər mövcuddur. Məsələn, bəzi şəhərlərdə svetoforlar avtobusları tanıyır və onlara hərəkətdə üstünlük verir. Azərbaycanda isə bu cür texnologiyalar hələ tətbiq olunmayıb:
"Avtobusların gecikməsinə səbəb olan amillərdən biri də ümumi yol infrastrukturudur. Yollarda hərəkətin mədudlaşdırılması, yol-nəqliyyat hadisələri və sıxlıq ictimai nəqliyyata da birbaşa təsir edir. Xüsusilə bütün ərazilərdə avtobus zolaqlarının salınmasının mümkün olmaması problemləri artırır. Bəzi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin hərəkəti üçün güzəştə getmək məcburiyyəti yaranır. Gecikmələrin bir hissəsi sürücü amili ilə bağlı ola bilər. Bu cür hallar isə nəzarət sistemləri vasitəsilə izlənilir və müvafiq tədbirlər görülür. Digər hallarda isə problem sürücüdən asılı olmur və ümumi yol şəraitindən qaynaqlanır".
Raqif Raufoğlunun fikrincə, avtobus zolaqlarının tətbiqindən sonra müsbət dəyişikliklər açıq şəkildə hiss olunur. Tam ideal sistemin qurulması hələ real görünməsə də, görülən işlər onu deməyə əsas verir ki, ictimai nəqliyyatın inkişafı istiqamətində düzgün yol seçilib.
Türkan İsgəndərli
tag: Raqif Raufoğlu,Ekspert,Avtobus,Gecikmə,Todaypress.tv,
