700 min vətəndaşın maaşı artacaq — Deputat AÇIQLADI

Cəmiyyət

09.02.2026 14:40

“Əmək Məcəlləsi”nə təklif edilən və Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur”.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, dəyişiklik təsdiq edildikdən sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq və bu artımlar artıq qanunla tənzimlənəcək.

Vüqar Bayramov qeyd edib ki, minimum əmək haqqındakı artım təkcə aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarını əhatə edəcək. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırıldıqdan sonra bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır.

Parlamentari bildirib ki, bu artımlar sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşlarına şamil olunur:

“Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib, ən aşağı maaş 400, ən yüksək isə 1150 manat təşkil edir”.

Vüqar Bayramovun sözlərinə görə, minimum əmək haqqının dövrü olaraq artırılması praktiki olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq və əmək haqqının minimum səviyyədən az və ya çox olması bu prosesdə xüsusi önəm daşımayacaq:

“Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Artım,Maaş,Todaypress.tv,