Yaxın Şərqdəki gərginliyin TURİZMƏ VURDUĞU ZƏRBƏ

Turizm

07.03.2026 15:04

“Regionda baş verən hadisələr həm beynəlxalq səfərlərə, həm də bilet qiymətlərinə ciddi təsir göstərir”.

Turizm eksperti Ceyhun Aşurov bunu TodayPress TV-yə danışarkən bildirib.  


Onun sözlərinə görə, Yaxın Şərqdə yaranmış gərginlik, xüsusilə də İran və İsrail arasında baş verən qarşıdurma turizm sektoruna və insanların səyahət imkanlarına mənfi təsir edib:  

“Münaqişə yalnız bu iki ölkə ilə məhdudlaşmayıb və regiondakı digər ölkələrə də təsir göstərib. Nəticədə dünya turistləri bölgədəki riskləri nəzərə alaraq bu istiqamətlərə səfərlərini demək olar ki, dayandırıblar. Müharibə gedən ərazilərdə hava məkanının bağlanması uçuşların təxirə salınmasına səbəb olub. Bu səbəbdən həmin istiqamətlərdən Azərbaycana birbaşa uçuşlar demək olar ki, həyata keçirilmir. Mövcud şəraitdə yalnız tranzit uçuşlar mövcuddur və onların qiymətləri də ən azı iki dəfə artıb və hazırda bu uçuşlardan daha çox evakuasiya məqsədilə istifadə olunur”.

Ekspert əlavə edib ki, qarşıdan gələn bayram və qeyri-iş günlərində də gözlənilən səyahət dinamikası dəyişə bilər:

“Əslində bu dövrdə həm Azərbaycan vətəndaşlarının xaricə səfərlərinin, həm də ölkəyə gələn turistlərin sayının artacağı proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq həm ölkədən xaricə, həm də ölkəyə səfərlərin azalacağı ehtimal olunur”.         

Ceyhun Aşurovun fikrincə, xaricə səfər planlaşdıran vətəndaşların bir hissəsi mövcud şəraitə görə ölkə daxilində səyahət etməyə üstünlük verə bilər. Bu isə regionlarda turizm hərəkətliliyinin artmasına səbəb ola bilər.

Ekspert vəziyyətin sabitləşəcəyi halda səyahət axınının yenidən bərpa olunacağını istisna etmir. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Ceyhun Aşurov,Turizm eksperti,Turizm,Zərbə,Todaypress.tv,